İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 93 nəfərə yardım göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2016-cı ildə 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 63 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları, qalan 30 nəfəri isə potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olub.
Onların bir çoxuna mövcud vəziyyətləri və ehtiyacları nəzərə alınmaqla və ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımlar göstərilib, sosial reabilitasiya olunmaları üçün aidiyyəti tədbirlər görülüb. Ümumilikdə 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi təmin olunub. 15 nəfərin yeni peşələrə yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələri, 33 nəfərin münasib iş yerləri ilə təmin olunmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə müvafiq işlər aparılıb. Görülən tədbirlər nəticəsində insan alveri qurbanlarının əksəriyyətinin sosial reabilitasiyasına nail olunmaqla, müvafiq şəxslərin insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda hər iki qrupdan olan insanların bir qismi ilə işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən ötən il insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə müxtəlif formalarda maarifləndirmə tədbirləri də həyata keçirilib. Mərkəz tərəfindən ölkəmizin regionlarındakı peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, qadınlar və yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Bu tədbirlərdə insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları və s. barədə məlumatlar verilib. İştirakçılara mövzu ilə əlaqədar maarifləndirici buklet və kitabçalar, aidiyyəti mövzuda disklər paylanıb, sualları cavablandırılıb.

Tural

Xəbər 378 dəfə oxundu.