Macarıstanda Sorosla bağlı qalmaqal: hökumət milyarderin sponsorluq etdiyi QHT-ləri ləğv etmək istəyir
Silard Nemet:“Soros imperiyasına daxil olan saxta təşkilatlar aldıqları maliyyəyə uyğun olaraq qlobal kapitalizmin maraqlarına xidmət edir və milli hökumətin maraqlarına uyğun gəlməyən prinsipləri dəstəkləyirlər”
M ərkəzi-Şərqi Avropa ölkələri və postsovet məkanında aktiv fəaliyyəti ilə seçilən amerikalı milyarder Corc Soros daha bir ölkədə narazılığa səbəb olub. Macarıstan hökuməti Sorosun sponsorluq etdiyi QHT-lərin fəaliyyətindən açıq narazılıq edib. Hakim “Fides” partiyasının sədr müavini Silard Nemet “Budapest Business Journal”a açıqlamasında deyib ki, rəsmi Budapeşt Soros tərəfindən maliyyələşdirilən bütün QHT-ləri ləğv etməyə hazırlaşır.
Siyasətçi bildirib ki, rəsmi Budapeşt əlində olan bütün imkanlardan istifadə edərək Sorosun maliyyələşdirdiyi QHT-ləri ölkədən çıxaracaq: “Soros imperiyasına daxil olan saxta təşkilatlar aldıqları maliyyəyə uyğun olaraq qlobal kapitalizmin maraqlarına xidmət edir və milli hökumətin maraqlarına uyğun gəlməyən prinsipləri dəstəkləyirlər”.
Partiya sədrinin müavini qeyd edib ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsi ölkənin milyarderin QHT-lərindən qurtulması üçün münasib şərait yarada bilər. Budapeşt hökuməti yaxın günlərdə parlamentə yeni qanun layihəsi təqdim edəcək. Həmin layihəyə əsasən, QHT-lərin rəhbərləri məcburi şəkildə öz şəxsi aktivləri barədə də hesabat verməli olacaqlar. Macarıstan hakimiyyəti Sorosun “Açıq cəmiyyət” fondunun ölkədəki fəaliyyətini, xüsusilə miqrant böhranı ilə bağlı məsəldə tutduğu mövqeyə görə kəskin tənqid edib. “Breitbart” yazır ki, milyarder etiraf edib ki, onun nəzarətində olan QHT-lər kütləvi miqrasiyanın meydana gəlməsini dəstəkləyənlərin sırasındadır. “Açıq cəmiyyət” fondu miqrant böhranından öz məqsədləri üçün istifadə edir. Dünən “EUobserver” öz mənbələrinə istinadən yazıb ki, Corc Sorosun maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları hökumətin istəyinə baxmayaraq Macarıstandakı fəaliyyətini dayandırmaq fikrində deyil. Nəşr yazır ki, mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Açıq cəmiyyət” Soros Fondu Macarıstanda 60-dan çox qeyri-hökumət təşkilatını maliyyələşdirir. Fond baş nazir Viktor Orbanın başçılıq etdiyi hökumətin planına qarşı ciddi müqavimət göstərməyə hazırlaşır. Fondun prezidenti Kristofer Stoun bəyan edib ki, onlar Budapeşt hökumətinin müxalifliyinə baxmayaraq Macarıstanda işləməkdə davam edəcəklər. Macarıstan hökumətinin nümayəndəsi Yanoş Lazar bu açıqlamalardan sonra bildirib ki, Sorosun maliyyələşdriyi QHT-lərin fəaliyyətini dayandırmayacaqlar. Amma bütün halda onlara qarşı tələblər sərtləşəcək. Hökumət rəsmisi “Bloomberg” agentliyinə açıqlamasında bunları deyib: “Biz heç kimi qovmağa hazırlaşmırıq. Amma ölkədə fəaliyyət göstərən bütün xarici təşkilatların sənədləri ciddi şəkildə yoxlamadan keçiriləcək. Hər bir Macarıstan vətəndaşı onlara xaricdən kimlərin təsir etmək istədiyini bilmək hüququna malikdir”.
Anar Miriyev

Xəbər 339 dəfə oxundu.