“Azərbaycanın düşmənləri AŞPA-da destruktiv fəaliyyətlərini davam etdirirlər”
Avropa Şurasının sessiyasının 24 yanvar tarixli axşam iclasında Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlərə və media azadlığına qarşı hücumlar” adlı məruzə müzakirə edilib. Bu haqda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

O deyib ki, 23 yanvar tarixdə 5 nəfər AŞPA üzvü tərəfindən bu məruzəyə 3 düzəliş təklif edilib: “Bu düzəlişləri təklif edən AŞPA üzvləri Sosialistlər qrupunun üzvləri İv Kruxten və Boris Sileviks, Birləşmiş Avropa Solçular qrupunun üzvü Nikolay Villumsen, EPP qrupunun üzvü Pyetr Omtziqt və Liberallar qrupunun üzvü Kerstin Lundqrendir. Qeyd etmək lazımdır ki, bu deputatlar AŞPA-da Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilmiş, daim Azərbaycanın maraqlarına və beynəlxalq imicinə zərər vuracaq faliyyətləri ilə fərqlənmiş və praktiki olaraq, AŞPA karyeralarını Azərbaycana qarşı qərəzli kampaniyaların təşkili və keçirilməsi, ermənipərəst mövqelərin sərgilənməsi üzərində qurmuşlar.
Qeyd edilməlidir ki, Omtziqt əvvəllər üzv dövlətlərdən əsasən Azərbaycan, Türkiyə və Albaniyanın nüfuzuna xələl gətirilməsi üçün gizli vasitə kimi nəzərdə tutulan “Şəriət Qanununun Avropa İnsan Hüquqları Konvensiyası ilə uyğunluğu: Konvensiyaya tərəf dövlətlər Qahirə Bəyannaməsini imzalaya bilərmi?”qətnamə layihəsi (Qahirə Bəyannaməsinə dair qətnamə layihəsi) hazırlamış və özü bu mövzu üzrə məruzəçi olmağa çalışmışdı. İv Krüxten isə “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı?” məruzəsinə məruzəçi təyin olmağa çalışmışdır. Lakin AŞPA Hüquq Məsələləri Komitəsinin üzvləri bu mövzular üzrə digər deputatları məruzəçi seçmişdilər.
Gözlənildiyi kimi, yuxarıda adları göstərilən deputatlar bu dəfə də Azərbaycana qarşı qərəzli və həqiqəti əks etdirməyən təkliflər irəli sürmüşlər. Ola bilsin ki, bu müzakirələr zamanı həmin düzəlişlər qəbul edilsin. Buna nail olmaq üçün bütün anti-Azərbaycan və ermənipərəst qüvvələr səfərbər edilmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, məruzəçi Volodimir Ariev irəli sürülən düzəlişlərdə göstərilən məsələləri araşdırmamışdır. Odur ki, düzəliş irəli sürən deputatlar bu məqamdan istifadə edərək düzəlişlərin məruzənin mətninə əlavə olunmasına çalışacaqlar.
Təklif müəllifləri, digər tərəfdən, başa düşürlər ki, AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzələr üzrə məruzəçilər hazırladıqları sənəddə daha obyektiv və fərqli müddəalar göstərə bilərlər. Anti-Azərbaycan qüvvələr hesab edirlər ki, bu gün onların irəli sürdüyü təkliflər qəbul ediləcəyi təqdirdə onlar AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzələrə qarşı təsir imkanları əldə etmiş olurlar. Belə ki, AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzəçilər məruzələrində daha obyektiv və fərqli mövqe nümayiş etdirəcəkləri təqdirdə Azərbaycanın düşmənləri onlara Assambleyanın qəbul edilmiş sənədlərində başqa müddəaların yer aldığını xatırlatmaq və Assambleyanın qərarlarına hörmət nümayiş etdirməyi tələb etmək imkanı əldə edəcəklərini düşünürlər.
Beləliklə, biz bir daha AŞPA-da anti-Azərbaycan və ermənipərəst qüvvələrin fəaliyyətlərini əlaqələndirilmiş şəkildə davam etdirdiklərinə şahid oluruq”.

Fuad



Xəbər 149 dəfə oxundu.