Rumıniya səfiri Bakı Ali Neft Məktəbində
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşərək təqdimatla çıxış edib. BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, səfirin ali məktəbdəki bu görüşü Rumıniya tarixi üçün əhəmiyyətli vaxtda baş tutur. Elmar Qasımov bildirib ki, yanvarın 24-də müasir Rumıniya dövlətinin yaranması günüdür. Rektor səfiri bu münasibətlə BANM-in adından təbrik edib.
Səfir cənab Dan İanku BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək, Azərbaycana səfir təyin olunandan sonra üç ay ərzində ali məktəbə artıq ikinci dəfə gəldiyini xatırladıb. Səfir öz təqdimatında 24 yanvar 1859-cu il tarixinin müasir Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixin Rumıniya üçün əhəmiyyəti haqqında danışıb. Cənab Dan İanku ölkəsinin tarixi, xüsusilə neft sənayesinin inkişafı haqqında məlumat verib. O, Rumıniyanın 19-cu əsrdən başlayaraq neft çıxarma və emalı tarixindən söz açıb. Səfir vurğulayıb ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir bildirdi ki, “Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da möhkəmləndirməkdə maraqlıdırlar və BANM-ə Rumıniya universitetləri ilə tərəfdaş əlaqələrin qurulmasında dəstək göstərməyə hazırıq” .
Görüşün sonunda səfir suallara cavab verib. Tədbirdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika və səfirin nümayəndəsi Elmina Zeynalova iştirak ediblər.

Nigar




Xəbər 196 dəfə oxundu.