“İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq
Milli Məclisdə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib. İ. Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib.
Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib: "İndiyə qədər ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. Bu sahədə qanun ilk dəfə hazırlanacaq”.

Orta ümumtəhsil və ali təhsil haqqında
qanun layihələri

Komitə sədri bildirib ki, “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. İ. Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: “Biz ilk olaraq “Elm haqqında” qanun layihəsini qəbul etdik. Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk”. Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini, millət vəkili Bəxtiyar Əliyev “Ali təhsil haqqında” qanunun hazırlanmasını təklif edib.
Nigar

Xəbər 196 dəfə oxundu.