SOCAR istiqrazlarını başqasının da adına almaq olar
Son günlər əhali arasında SOCAR istiqrazlarına tələbat daha da artıb. Xüsusilə istiqrazların satışının həyata keçirildiyi “ASAN xidmət” mərkəzlərinə üz tutan və istiqraz alanlar çoxalıb. İstiqrazların satışı ilə məşğul olan investisiya şirkətləri bu proseslə bağlı maraqlı məqamları açıqlayırlar.
Bununla bağlı SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeyker olan “PSG Capital” investisiya şirkətinin rəhbəri Şahin Rəcəbov AZƏRTAC-ın suallarını cavablandırarkən deyib ki, SOCAR istiqrazlarını ilk dəfə, o vaxt əldə edən müştərilər də istiqraz alır. Yanvarın 17-dən sonra istiqrazlar üzrə ilk faizlərin ödənilməsi bu qiymətli kağıza olan marağı daha da artırıb və satışların həcmini yüksəldib: “İnvestorların ən çox bilmək istədiyi suallar, yəni onları maraqlandıran ilk məsələ - pulun necə geri qaytarılacağıdır. İstiqraz almaq istəyən şəxs gəlir, yaxınlaşır və soruşur ki, mən pulumu istədiyim vaxt geri götürə bilərəmmi? Bunun da cavabı, əlbəttə ki, “bəli”dir. SOCAR hər zaman öz istiqrazının alıcısıdır və onların likvidliyini qoruyur. İnvestor istədiyi vaxt yaxınlaşıb istiqrazını verib, yatırdığı vəsaiti geri ala bilər. Həmçinin onu da qeyd etmək istərdim ki, istiqraz sahibinin istiqrazı qaytarmadan öncə qazandığı faizlər investorun özündə qalır. Burada heç bir narahatlıq yoxdur”. Şahin Rəcəbov qeyd edib ki, vətəndaşlar istiqrazları, əsasən, öz adlarına alırlar: “Amma birinci bazarda (yəni hələ oktyabr ayında SOCAR istiqrazlarına abunə yazılışı zamanı) xarici vətəndaşlara istiqraz satılmadığı üçün bəzi xarici vətəndaşlar, daha dəqiqi xaricdə yaşayan azərbaycanlılar gəlib istiqrazları yaxınlarının, ya ata-anasının, ya da bacı-qardaşının adına alırdılar. Bəziləri isə xaricdə yaşadıqlarına və ya digər səbəblərə görə, “ASAN xidmət”ə yaxınlaşa bilmirlər. Belələri istiqrazları etibarnamə ilə alırlar. Yəni başqalarına etibarnamə verirlər ki, istiqraz alsınlar, onun əvəzinə sənədə etibarnamə verdiyi adam imza atır, amma bu istiqrazlar yenə də öz adlarına olur”.

Xəbər 218 dəfə oxundu.