Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup əlilliyi olan şəxslə görüş olub
Səlim Müslümov: “5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub”

“2016-cı ildə nazirliyin bərpa-müalicə müəssisələrində 23,3 min nəfər əlilə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bir qrup əlilliyi olan şəxslə görüş keçirib. Görüşdə məqsəd Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha səmərəli təşkili və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı onların müraciətlərinin, rəy və təkliflərinin dinlənilməsi olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev, Şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də görüşdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial siyasətində əsas istiqamətlərdən olduğunu vurğulayıb. O bildirib ki, qeyd olunan konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib. Konvensiyanın prinsipləri əsasında ölkəmizdə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi, həmçinin «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib.
Nazir əlilliyi olan insanların müraciətlərində ifadə olunan məsələlərə münasibət bildirərkən qeyd edib ki, bu gün Azərbaycanın sosial təminat sistemi ilə əhatə olunan əhalinin mühüm bir hissəsi, o cümlədən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası alanların 29 faizi əlilliyi olan şəxslərdir. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği iki dəfədən çox artırılıb. Eləcə də I qrup əlilliyi olan şəxslərdən aylıq sosial müavinət alanlara Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 17 mart tarixli Fərmanı ilə ayda 66 manat məbləğində Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.
Nazir vurğulayıb ki, “Əmək pensiyaları” haqqında Qanunla I qrup əlilliyi olan şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə də ödənilir: “Həmçinin I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, ahıla (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü qulluq edənin əmək pensiyası almaq hüququ verən sığorta stajına daxil edilir. Hazırda I qrup əlilliyi olan şəxslərə qulluq edən şəxslərin pensiyasına bu məqsədlə əlavələr edilməsi üçün il ərzində 6,1 milyon manat ayrılır.
Respublika üzrə bütün növ əlilliyi olan şəxslər haqqında vahid məlumat bazasının yaradılması məsələsi ilə əlaqədar nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində (TSERAS) əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu qiymətləndirilmiş bütün şəxslər barədə əhatəli məlumatlar yerləşdirilir: “Eyni zamanda vətəndaşlar “Elektron hökumət” portalında şəxsi kabinet yaratmaqla nazirliyin təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə TSERAS-da özlərinə dair uçotu aparılan məlumatları elektron arayış formasında əldə etmək imkanlarına malikdirlər. Həmçinin nazirliyin “Çağrı mərkəzi”nə zəng etməklə əlilliyin sonuncu qiymətləndirməsinin nəticəsinə dair interaktiv rejimdə məlumat ala bilirlər. Eyni zamanda, sistemdəki məlumatlar əsasında 3 ay ərzində bütün növ əlilliyi olan şəxslərlə bağlı vahid reyestrin yaradılması təmin ediləcək”.
S.Müslümov diqqətə çatdırıb ki, nazirlik tərəfindən indiyədək 5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub, onlardan 4,1 min nəfərdən çoxu müharibə əlilləri və gözdən əlillərdir: “Ümumi səbəbdən əlilliyi olan şəxslərin, ilk növbədə kimsəsiz I və II qrup əlilliyi olan şəxslərin mənzil təminatı məsələlərinin həlli üçün hansı istiqamətdə işlərin görülməsi ilə bağlı müzakirələr də aparılır”. Nazir bildirib ki, Vergi Məcəlləsində I və II qrup əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub: “Bu güzəştlərdən biri kimi, həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan orta aylıq gəliri 200 manat məbləğində azaldılır. Bu məbləğin artırılması barədə əlilliyi olan şəxslərin bir qrupunun müraciətində yer almış təkliflər də ciddi dəyərləndirilməlidir.
Nazir vurğulayıb ki, əlilliyi olan insanların müraciətlərində I qrup əlilliyi olan şəxslər və xüsusilə əlil arabası istifadəçiləri üçün ayrılmış kvota üzrə iş yerlərində onlar üçün lazımi şəraitin yaradılması məsələsi də yer tutur: “Əlilliyi olan insanların sosial infarstruktur obyektlərində sərbəst hərəkəti üçün lazımi şəraitin yaradılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nəqliyyat Nazirliyinə müraciətlər göndərilib. Qeyd olunan məsələ Şəhərsalma və Tikinti Məcəlləsində də əksini tapıb. Eləcə də Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən, respublika ərazisində yaşayış məskənlərinin yenidən qurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılması üzrə əsas tələb və qaydaları tənzimləyən normalarda əlilliyi olan insanlar üçün əlverişli şəraitin yaradılması da nəzərdə tutulub. Hazırda bu sahədə beynəlxalq norma və standartlar əsasında yeni qaydaların layihəsi hazırlanır”.
S.Müslümov qeyd edib ki, hazırda dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan insanlar arasında əlilliyi olan şəxslər də vardır: “Müraciətlərə uyğun olaraq, mümkün qədər çox əlil arabası istifadəçilərinin işə qəbulunun həyata keçirilməsi, həmçinin qanunvericilikdə dövlət qulluğuna qəbulla bağlı əlilliyi olan şəxslər üçün müəyyən güzəştlərin (qanunvericilikdə mövcud olan kvota sisteminin reallaşdırılması məqsədilə) nəzərdə tutulması məsələsi də əlilliyi olan şəxslərin qaldırdığı problemlər sırasındadır.
Nazir təkcə 2016-cı il ərzində nazirliyin bərpa-müalicə müəssisələrində 23,3 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, əlilliyi olan şəxslərə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verildiyini qeyd edib: “Bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi, 2016-cı ilin dekabr ayında Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Həmin mərkəzlərdə yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək”
Görüşdə həmçinin əlilliyi olan şəxslərin müraciətlərində qaldırılan digər məsələlər müzakirə olunub, əlilliyi olan şəxslər tərəfindən verilən təkliflər əsasında onların sosial müdafiəsinin daha səmərəli təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yönündə qarşıdakı dövrdə müvafiq işin aparılacağı vurğulanıb.

Tural Tağıyev

Xəbər 212 dəfə oxundu.