Aİ “Brexit”ə görə Böyük Britaniyadan 57 milyard avro istəyir
Avropa İttifaqı blokun tərkibindən çıxmaq barədə danışıqlar çərçivəsində Böyük Britaniyadan 57 milyard avro (60 milyard dollar) tələb edir. TASS informasiya agentliyi xəbər verir ki, vəsaitin dəqiq məbləğı fevralın 13-də Fransa və Almaniyanın Böyük Britaniyadan 70 milyard avro (75 milyard dollar) ödəməsini tələb etdiyi görüşdə müəyyən olunub. Bir qədər əvvəl London Avropa İttifaqında müxtəlif proqramlar çərçivəsində üzərinə götürdüyü öhdəliyi 2020-ci ilədək yerinə yetirməyə hazır olduğunu bildirsə də, konkret məbləğ açıqlanmamışdı. Əldə olunan razılaşmaya əsasən, London və Brüssel arasında imzalanan azad ticarət sazişləri barədə danışıqlar yalnız bu vəsaitin ödənilməsindən sonra başlaya bilər. “Brexit”lə bağlı danışıqlar isə Britaniyanın Baş naziri Tereza Meyin ittifaqdan çıxmaq prosesinə start verən Avropa İttifaqı barədə Lissabon müqaviləsinin 50-ci bəndini işə salmasından sonra başlamalıdır. Nazirlər Kabinetinin başçısı bunu martın axırlarında etmək niyyətindədir. Bunun üçün o, İcmalar Palatasının dəstəyini qazanmalıdır. Fevralın 8-də Britaniya Parlamentinin aşağı palatası böyük səs çoxluğu ilə Tereza Meyin planına dəstək verib. İndi isə bu məsələ yuxarı palatanın – Lordlar Palatasının müzakirəsinə çıxarılıb.

Xəbər 310 dəfə oxundu.