Yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi davam edir 
Abşeron yarımadasının şimal hissəsində yerləşən 12,7 kilometr uzunluğunda yeni Novxanı-Pirşağı avtomobil yolunun tikintisi işləri “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.
Hazırda yolda torpaq işləri görülür, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolboyu 50 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd olunub ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərəcək.
Həmçinin nəzərə çatdırılıb ki, hazırda Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da tikintisi aparılır.
Mahmud

Xəbər 201 dəfə oxundu.