Dəmir yolunun 12,3 kilometrlik hissəsi əsaslı təmir edilir
Dəmir yolunun Padar-Qarasu mənzilində və Padar stansiyasının baş yollarında 12,3 kilometr yolun əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günədək 255 kilometr dəmir yolu əsaslı təmir olunub.
Mahmud

Xəbər 113 dəfə oxundu.