“İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
Günel Hüseynzadə: “Xaricdə təhsil almaqla orada qazanacağım təcrübədən, artacaq dünya görüşündən faydalanmaq istərdim”
Müsahibimiz Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Günel Hüseynzadədir.

-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Hüseynzadə Günel Zirəddin qızı 1994-cü il avqustun 27-də Sumqayıt şəhərində anadan olmuşam. Hazırda Bakıda yaşayıram və ibtidai təhsilimi 2002-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbində başlamışam. 2013-cü ildə həmin məktəbi bitirib Azərbaycan Texnologiya Universitetinin Qida və tekstil mühəndisliyi fakültəsinə qəbul olmuşam. Hazırda 4-cü kursdayam və bu fakültədə Qida məhsulları mühəndisliyi ixtisası üzrə oxuyuram. Birinci kursun ilk aylarından universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına üzv oldum və həyata keçirilən layihə və tədbirlərdə fəal iştirak etdim. 2014-cü ildə isə Gəncə “ASAN xidmət” mərkəzində 4 ay könüllü fəaliyyət göstərərək I dərəcəli sertifikata layiq görüldüm. 2015-ci ildə “Master 2” proqramı çərçivəsində “Kəpəz TV”-də 2 ay müxbir kimi könüllü fəaliyyət göstərmişəm. “Baku-2015” Avropa Oyunlarında Heydər Əliyev Arenasında “Time leader” kimi könüllü olmuşam. 2015-ci il noyabrın 27-də keçirilən seçki konfransında isə Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçildim və hazırda da həmin vəzifəni icra edirəm. Sədr seçildiyim ildən bu günə qədər təşkilat olaraq bir sıra mükafatlarla təltif olunmuşuq. 2015-ci ildə Tələbə Gənclər Təşkilatının uğurlu fəaliyyətinə görə mən və bir qrup fəal gəncimiz gənclər və idman naziri Azad Rəhimov və ATGTİ sədri Şahin İsmayılovun imzası ilə diplomla mükafatlandırılmışıq. Gəncə, Avropa Gənclər Paytaxtı 2016 layihəsi çərçivəsində göstərdiyi uğurlu fəaliyyətə görə də təşəkkürnamə ilə təltif olunub.
-Azərbaycan Texnologiya Universiteti də təhsilin inkişafına öz töhfəsini verən ali təhsil ocaqlarından sayılır. Bu universitet haqqında da söz açardınız.
- Prezidentin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradıldı. Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur. Universitetdə elmi-tədqiqat işləri, əsasən, təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır. Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə "Heydər Əliyev Məktəbi" fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılıb. Azərbaycan Texnologiya Universiteti 2007-ci ildə attestasiya olunaraq Təhsil Nazirliyinin komissiyası tərəfindən akkreditasiyadan keçirilib və sertifikat alıb.
Tarixi də maraqlıdır. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunub. Qeyd etdiyim kimi, burada dörd fakültə var, bunlar Mexanika və metallurgiya mühəndisliyi, Qida və tekstil mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika,
İqtisadiyyat və idarəetmədir.
Universitetdə qida, yüngül sənaye, metallurgiya və İKT sahələri üzrə mühəndis mexaniklər və mühəndis texnoloqlar hazırlanır. Azərbaycan Texnologiya Universiteti ölkəmizdə olan ən şəffaf mühitli, təhsilə önəm verən və gənclərin qayğısına qalan, səmimi və qayğıkeş müəllimlərin əhatəsində olan və s. kimi bir çox müsbət fikirlər səsləndiriləcək ən yaxşı ali təhsil ocaqlarından biridir. Bəli, belə bir universitetdən qane olmamaq mümkün deyil.
- Universitetinizdən ağızdolusu söz açdınız. Bəs rəhbəri olduğunuz TGT haqqında nələri deyərdiniz?
-Universitetimizin TGT –sində 4 ildir ki, aktiv fəaliyyət göstərirəm. Həmin 4 ilin 2-ni isə TGT-də sədr kimi fəaliyyət göstərirəm. Fəaliyyətimiz hər bir TGT-də olduğu kimi, həm şəhər, həm də universitet üzrə bir sıra tədbir və layihələr həyata keçirməklə reallaşır. Eyni zamanda bəzi tədbirlərin iştirakçısı oluruq. Gəncə şəhərində keçirilən “Go dans” rəqs müsabiqəsini, ATU TGT-nin lahiyəsi olan “İnformation security and Kyber word” təlimini, ATU TGT-nin “Norkomaniyaya yox” flaşmobunun hazırlanmasını, Gəncə şəhərində keçirilən “NATO”-nun beynəlxalq sülh yaratma proseslərində Azərbaycanın iştirakı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti region və Avropa üçün təhlükə mənbəyidir” mövzularında “dəyirmi masa”ları, “Debat” yarışlarında, ATUTGT-nin təşkil etdiyi “Bədən dili”, “NLP”, “90 saniyədə özünü tap” və “Sosial media” "Öz biznesinə başla" təlimlərinin təşkili, “Nə? Harada? Nə zaman?” və ” Xəmsə” intellektual yarışlarının təşkilini buna misal göstərə bilərəm. Gənclərdə teatra marağın artırılması məqsədilə “Dram” klubumuzun hazırladığı İsi Məlikzadənin “Gəl qohum olaq”tamaşası Gəncə Dövlət Dram Teatrında gənclərimizə nümayiş etdirilib. Aprel ayında qısamüddətli döyüşlər zamanı həlak olan şəhidlərimizin xatirəsinə ehtiram olaraq və qələbə sevincimizlə əlaqəli 350-yə yaxın tələbə “QARABAĞ” sözünü Qarabağa həsr olunmuş şüarlar altında universitet ərazisində canlı yazı olaraq həkk edib. “Gəncə 2016-Avropa gənclər paytaxtı” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib və şəhər tədbirlərində fəal iştirak etmişik. Digər tədbirləri isə misal olaraq “Türk şurası Gənclər festivalı”, “Gənclərin sağlamlıq festivalı”, “Avropa Gənclər Paytaxtının bağlanış mərasimi, Avropa Gənclər festivalında “ATU TGT”-nin əl işlərindən ibarət sərgi”ni göstərə bilərəm. Dərs ilinin sonuna az bir zaman qaldığı üçün ATU-da TGT-nin tədbirlər planına uyğun olaraq bayramlarla əlaqədar bir neçə konsert proqramı, videoroliklər, bir neçə sərgi, tədbirlər və s. kimi işlər planlaşdırılır.
-Təhsilinizi başqa ölkədə davam etdirmək fikriniz varmı?
-Hər bir gənc kimi, mənim də xaricdə təhsil almaq istəyim var. Universitetimizin Türkiyə, Gürcüstan və bir sıra Avropa universitetləri ilə müqaviləsi var. Mənim xaricdə təhsillə bağlı düşüncəm bir az fərqlidir. Mənim üçün təhsil almaq istədiyim universitetin təhsil keyfiyyəti ilə yanaşı, alacağım diplomun digər dövlətlər, eyni zamanda ölkəmizdə də nə qədər keçərli olduğu önəmlidir. Xaricdə təhsil almaqla orada qazanacağım təcrübədən, artacaq dünya görüşündən faydalanmaq istərdim. Ümumən deyim ki, gənclərimizdə xaricdə təhsil almaq istəyi xeyli artıb. Amma bu o demək deyil ki, xaricdə təhsil bizim təhsilimizdən üstündür. Sadəcə, bu istək xarici ölkədə təhsil alaraq həm dünyagörüşünü artırmaq, həm də təcrübə qazanaraq ölkəmizə yeni düşüncələr, daha fərqli töhfələr verməkdir.
-TGT sədri kimi tələbələrimizin aktiviliyini necə xarakterizə edərdiniz?
- Dövlətimizin başçısı İlham Əliyevin müasir dövr gəncləri üçün yaratdığı imkanları nəzərə alsaq, deyə bilərəm ki, müasir gənclik davamlı inkişafa doğru irəliləyir. Gənclərimizin aktivliyinə ən böyük dəstəkləri isə yaradılmış QHT-lər, gənclər təşkilatları, Gənclər Fondunun həyata keçirdiyi qrand müsabiqələri, müxtəlif sahələrdə olan könüllülük fəaliyyətləri, kurslar və dərnəklərin yaradılması və s. kimi nümunələri göstərmək olar. Bu cür sahələrin yaradılması gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də daha gənc yaşlarından onların aktiv fəaliyyətlərini artırır, eyni zamanda karyera addımlarına hazırlaşırlar. Onların fəallığını yalnız bu sahədə qiymətləndirməklə kifayətlənmək olmaz Bir sıra gənclər də var ki, onlar öz fəallıqlarını sırf təhsil istiqamətinə yönəldiblər. Həmin sahələr üzrə yaradılmış müasir kitabxanalar, oxu zalları, elektron kitabxanalar, bilik yarışları, viktorinalar və s. kimi amillərlə bu cür gənclərin inkişafına böyük təkanlar verir.
- Azərbaycanda təşkil edilən böyük beynəlxalq idman yarışlarında tələbələrimiz aktiv iştirak edirlər. İslam Həmrəyliyi Oyunlarında da bu aktivliyi gözləyirsinizmi?
-Bildiyiniz kimi, Azərbaycan inkişaf etdikcə, ölkəmizə diqqət daha çox artır və bu ölkəyə daha çox beynəlxalq tədbirlərin keçirilməsi üçün etibar edilir. Ölkəmiz müxtəlif illərdə bir neçə irimiqyaslı beynəlxalq layihələrdə iştirak edib, bəzi yarışlarda qalib gəlmişik və ən əsası nəhəng layihə və tədbirlərə ev sahibliyi etmişik. Bu layihələrdən “Eurovision-2012”, “Baku- 2015”, “42 nd Chess Olympiad - Baku 2016”, “Formula 1”, “EYC- Ganja 2016” , “MDB-nin Mədəniyyət paytaxtı- Ganja 2017” və s. misal göstərmək olar. Bu il də Bakı "4th İslamic Solidarity Games- Baku 2017 " oyunlarına ev sahibliyi edəcək. Digər yarış və müsabiqələrdə olduğu kimi, 4-cü İslam Oyunlarında da Azərbaycan Texnologiya Universitetinin tələbələrinin fəal şəkildə müxtəlif iş bölgüləri üzrə könüllülük fəaliyyətləri olacaq. Oyunlarda iştirak edəcək tələbələrimizə universitet tərəfindən diqqət və qayğı var. Tələbə könüllülər bu günə qədər qatıldığı təlim və layihələrdə universitet rəhbərliyi tərəfindən dəstək alırlar. Qısası, İslam Həmrəyliyi Oyunlarında da tələbə könüllülərimiz aktiv iştirak edəcəklər.
Tural Tağıyev

Xəbər 918 dəfə oxundu.