İnsan haqlarının müdafiəsi Azərbaycan hökuməti üçün prioritet sayılır
“İnsan haqlarının müdafiəsi və təşviqi Azərbaycan hökuməti üçün prioritet sayılır”. Bu fikirlər Azərbaycan hökumətinin BMT İnsan Haqları Şurasına təqdim etdiyi milli hesabatda öz əksini tapıb. Hesabat BMT İnsan Haqları Şurasının 22 aprel - 3 may tarixində Cenevrədə keçiriləcək 16-cı Universal Dövri İcmal (UDİ) sessiyasında Azərbaycanda insan haqlarının vəziyyətinin müzakirəsi ərəfəsində təqdim olunub.
Hesabatda UDİ-nin bu mövzuda ilk dövri hesabatından sonra Azərbaycan hökumətinin fəaliyyətinin nəticələri, o cümlədən qadın hüquqlarının müdafiəsi və təşviqi, məişət zorakılığına qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, ana və uşaq sağlamlığının mühafizəsi, ana ölümünün səviyyəsinin aşağı salınması, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər öz əksini tapıb. Sənəddə qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon Ermənistan tərəfindən işğal olunduğuna görə, Azərbaycan Respublikası insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hazırda həmin ərazilərdə təmin edə bilmir. Azərbaycanla bağlı ilk hesabatın universal dövri icmalı aparıldıqdan keçən 4 il ərzində “Təhsil haqqında”, “Məişət zorakılığı ilə mübarizə haqqında”, “Məhkumların hüquq və azadlıqlarının təminatı haqqında”, "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında” qanunlar qəbul olunub. Azərbaycan bu dövrdə dörd beynəlxalq saziş və konvensiyalara da qoşulub: “Azərbaycan həmçinin açıq hökumət prinsiplərinin tətbiqi istiqamətində bir sıra tədbirlər görüb. Azərbaycan Respublikası effektiv idarəetmənin möhkəmləndirilməsinə dair bütün beynəlxalq təşəbbüslərə qoşulub. 2010-cu ildə ikinci “Elektron hökumət” proqramı qəbul olunub, “ASAN Xidmət” yaradılıb. Söz və ifadə azadlığının təmin olunması məqsədilə hökumət müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər kütləvi informasiya vasitələrinin azadlığının təmin olunmasına, maliyyə-texniki bazasının yüksəldilməsinə yönəlib. Tədbirlər özündə kütləvi informasiya vasitələrinə tətbiq olunan vergilərin azaldılmasını, mətbuata maliyyə yardımlarının ayrılmasını, mətbuatın borclarının dövlət büdcəsi hesabına silinməsini, birbaşa maliyyə yardımlarını ehtiva edir. Bütün hüquq pozuntuları, o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri ilə bağlı hüquq pozuntuları hərtərəfli araşdırılır, lazımi tədbirlər görülür, bu hüquq pozuntularına yol verənlər isə birmənalı şəkildə məhkəməyə verilir və müvafiq cəzalarını alırlar”.
Sənəddə Azərbaycanda din etiqad və vicdan azadlığının təminatı istiqamətində görülən işlərə də geniş yer verilib.
Qeyd edək ki, UDİ çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti aprelin 30-da müzakirə olunacaq.

ANAR

Xəbər 365 dəfə oxundu.