: “Sülhə güc vasitəsi ilə nail olunur“
ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiya baş naziri Sindzo Abe ilə Şimali Koreya məsələsini müzakirə edib. Görüşdə iki ölkənin məsələni sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğu vurğulanıb. M. Pensin qənaətinə görə, sülhə güc vasitəsi ilə nail olunur. O, ölkəsinin Pxenyanın nüvə probleminin həlli istiqamətində Yaponiya, Cənubi Koreya və Çinlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Qeyd edək ki, bir müddət əvvəl M. Pens ABŞ-ın Şimali Koreyaya qarşı sərgilədiyi strateji hövsələ erasının bitdiyini açıqlayıb. Pensin Asiya ölkələrinə olan səfəri son illər ərzində Şimali Koreya ətrafında yaşanan ən gərgin böhrana təsadüf edib. ABŞ Koreya yarımadası sahillərinə başda “Karl Vinson” nüvə aviadaşıyıcısı olmaqla, bir neçə hərbi gəmi göndərib. Mətbuat ABŞ-ın Şimali Koreyaya zərbə endirəcəyini istisna etmir. Rəsmi Pxenyan isə təxribatın baş verəcəyi təqdirdə, ABŞ-ın hərbi bazalarına və Cənubi Koreyanın paytaxtı Seulda yerləşən prezident sarayına zərbə etdirməyə hazır olduğunu açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyaya qarşı planlarını açıqlamayacağını, atacağı addımları barədə isə əvvəlcədən məlumat verməyəcəyini bəyan edib. O, bu barədə “Fox News” telekanalına müsahibəsində deyib. Mən fikirlərim və qərarlarım barədə əvvəlcədən məlumat vermək niyyətində deyiləm. Mən digər administrasiya rəhbərləri kimi dörd həftə sonra nə edəcəyimi bəyan edənlərdən deyiləm. Belə yanaşma işləmir. Sülhə ümid edirəm. Amma bilirsiniz, o centlmenlə artıq uzun müddətdir ki, nəticəsiz söhbətlər aparılır. O özünü qalib sayır. Görək nə baş verəcək. Hər halda mən niyyətimi açıqlamayacam”- deyə Tramp vurğulayıb.

Xəbər 142 dəfə oxundu.