“Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər”
Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
AAC-dan verilən məlumata görə, Fransanın “Fəxri Legion” ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Fransa İslam Yardımı Təşkilatının Baş katibi və Bordo ofisinin rəhbəri xanım Xədicə Ubru, Jirond Müsəlman Federasiyasının Baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akvatin Şurasının və Fransadakı yəhudilərin mərkəzi məhkəməsinin Bordo regional nümayəndəsi Didye Quec, “Hexagone Partners” təşkilatının direktoru Qay Antuan Kasteks və Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza daxildir. Səfərin təşkilində məqsəd “Azərbaycan dini tolerantlığın modeli kimi” mövzusunda yerli dini qurumlar, dövlət və ictimai təşkilatlarla görüşlər keçirmək və bu görüşlərdə Fransa-Azərbaycan qarşılıqlı əlaqələrinin inkişafı və möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır. Bu tədbirin davamı olaraq 2013-cü il iyunun 15-də Fransanın Bordo şəhərində və Fransa Senatında eyni adlı mövzu üzrə konfransların keçirilməsi də planlaşdırılıb. Nümayəndə heyətinin rəhbəri Tareq Ubru səfərin yekunlarına dair qısa açıqlama verərək bildirib ki, görüşlər olduqca maraqlı, məhsuldar və qarşılıqlı etimad şəraitində keçib: “Mən və həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir və Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

Xəbər 361 dəfə oxundu.