“AXCP kimi partiyalarda işlər hakimi-mütləq prinsipi ilə idarə olunur”
Radikal müxalifət partiyaları seçkilər yaxınlaşdıqca müxtəlif vasitələrlə cəmiyyətin və beynəlxalq ictimaiyyətin fikrini özünə tərəf çəkmək istəyir. Lakin son 20 illik fəaliyyətləri ərzində ortaya heç bir konkret iş qoya bilməyən AXCP və Müsavatın bəyanatları, səsləndirdikləri fikirlər cəmiyyətdə yalnız ikrah hissi oyadır. AXCP sədrinin keçirilən son tədbirdə “Azərbaycana demokratiyanı biz gətirmişik” ifadəsi də insanlarda ikrah hissi oyadır. Çünki insanlar artıq radikal müxalifətin demokratiya anlayışının hansı səviyyədə olduğunu bilirlər.
Kiçik bir misal: AXCP-Müsavat hakimiyyəti dövründə ölkənin daxili işlər naziri İsgəndər Həmidov dövlət katibinin və müxalifət nümayəndələrinin üzünə televiziyada canlı veriliş zamanı tüpürmüşdü. İndi də müttəfiqlikdən, birlikdən danışan sözügedən partiyalar gündəlik mətbuatda bir-birilərinə və düşərgədəki digər partiyalara qarşı heç bir etik qaydalara sığmayan ifadələr işlədirlər. AXCP və Müsavatın rəhbərləri artıq uzun illərdir ki, öz partiyalarını idarə edirlər və heç bir yeniliyin partiya daxilində tətbiqinə imkan vermirlər. Budurmu demokratiya? Məsələ ilə bağlı “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin fikirlərini öyrəndik: “Müxalifətin bu yanaşması digər yanaşmaları kimi qeyri-səmimidir. Çünki AXCP və Müsavat cütlüyünün 1992-1993-cü illərdə hakimiyyətdə olduqları zaman idarəçilik qabiliyyətləri hamıya məlumdur. 1992-ci ilin yayında keçirilən seçkilər və həmin seçkilərdən qabaqkı kampaniya hazırda demokratiya gətirdiklərini iddia edən şəxslərin əslində demokratiya anlayışlarının nə olduğunu bir daha bizə göstərir. Bunların partiya daxilində də demokratiya anlayışları məhduddur. AXCP kimi partiyalarda işlər hakimi-mütləq prinsipi ilə idarə olunur. Ona görə də belə partiyaların sıralarını son illər tərk edənlərin sayı getdikcə artır. Burada partiyanın rəhbərliyi ilə fikirləri üst-üstə düşməyən şəxslər partiyadan uzaqlaşdırılır. Heç bir yeni texnologiya, metod tətbiq edilmir. Bu həm də həmin partiyalarda kadr çatışmazlığının göstəricisidir. Azərbaycanda demokratiyanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə Konstitusiyanın qəbulu, ölüm hökmünün ləğvi, senzuranın aradan qaldırılması və s. Bu siyahını istənilən qədər uzatmaq olar. Bunlar hamısı demokratiyanın ölkəmizdə təsis olunması üçün atılan addımlardır. Bu gün həmin siyasət ölkə Prezidenti tərəfindən atılan addımlarla davam etdirilir. Demokratiya tədricən gerçəkləşən bir prosesdir. Onun tələblərini tez bir zamanda cəmiyyətə tətbiq etmək ölkəyə xeyirdən daha çox ziyan verər. Cəmiyyət buna hazır olmalıdır. Qəbul edilən dövlət proqramları da bu məqsədi güdür. Qarşıdan gələn prezident seçkilərinə gəldikdə isə ölkəmizdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçkilərin demokratik şəraitdə keçirilməsi üçün çoxsaylı tədbirlər bu gün də həyata keçirilməkdə davam edir. AXCP-nin Azərbaycana demokratiya gətirdikləri barədə bəyanatları isə seçkiqabağı şou xarakteri daşıyır. Belə hallar bundan əvvəlki bütün seçkilərdə olub, hazırda da ancaq cəmiyyətin fikrini özünə yönəltmək məqsədi güdür”.
Söhrab İSMAYIL

Xəbər 510 dəfə oxundu.