Şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş film nümayiş olunub.
Çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova Raquf Orucovla bağlı xatirələrindən danışaraq onun mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildirib.
Daha sonra çıxış edən keçmiş döyüşçü və jurnalist Rey Kərimoğlu Qarabağ uğrunda döyüşmüş qəhrəmanların gələcək nəslə tanıdılmasında bu cür tədbirlərin müstəsna rol oynadığını, eyni zamanda hər bir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüməli olduğunu vurğulayıb.
Kitabın müəllifi Elşən Əliyev çıxış edərək bildirib ki, kitabda Raquf Orucovun keçdiyi həyat yolu, hərbiçi yoldaşlarının xatirələri və bir kəşfiyyatçı kimi həyata keçirdiyi uğurlu əməliyyatlar qələmə alınıb.
Tədbirdə çıxış edən yazıçı-jurnalist Aida Eyvazlı aprel döyüşlərindən danışıb, bu döyüşlərin düşmənə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdiyini bildirib.
Sonda çıxış edən şəhid polkovnik-leytenantın həyat yoldaşı Sevic Orucova bundan əvvəl keçirilən tədbirdə ASAN könüllülərinin simasında Azərbaycan gəncliyini gördüyünü və R. Orucovun doğum gününü məhz ASAN könüllüləri ilə keçirməyi qərara aldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, tək Raquf deyil, digər qəhrəmanlar da vətənin hər bir qarış torpağı uğrunda son damla qanına qədər döyüşərək şəhid olublar.
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirin əsas məqsədi gənclərdə vətəpərvərlik hisslərinin yüksəldilməsi və Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanlar haqqında ətraflı məlumatın verilməsidir.
Qeyd edək ki, ASAN könüllüləri gənclərdə vətənpərvərlik hissinin formalaşması istiqamətində silsilə tədbirlər keçirir.
Tural

Xəbər 149 dəfə oxundu.