Yeni tədris ilində 20 nömrəli məktəb-lisey fəaliyyətə başlayacaq
“Bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədarTəhsil Nazirliyi tədbirlər planı təsdiq edib. Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Bakı şəhər Təhsil İdarəsi həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək”.
 
APA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə  Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
 
Onun sözlərinə görə, bu il ümumi orta təhsil səviyyəsində (IX sinif) məzunların buraxılış imtahanlarında göstərdikləri nəticələr ötən illə müqayisədə 4,75% artıb. M.Vəliyeva qeyd edib ki, XI sinfin buraxılış imtahanlarında da məzunların göstəricilərində artım müşahidə olunub: “Qəbul nəticələrinə gəlincə, bu il keçirilən qəbul imtahanlarında məzunlara iki dəfə qəbul imtahanı vermək imkanının yaradılması ümumilikdə qəbul imtahanlarının nəticələrinin artmasına şərait yaradıb və bu Bakı şəhərində də özünü göstərib. Bu il idarənin tabeliyində fəaliyyət göstərən məktəblərin məzunları arasında 5 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. Eyni zamanda 500-600 bal arası nəticə göstərənlərin sayı da kifayət qədərdir”.
 
İdarə müdiri 20 saylı məktəb-liseydə aparılan təmir işləri ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, yeni məktəbdə artıq təmir-tikinti işləri yekunlaşıb: “Məktəb-liseydə sentyabrın 15-i- “Bilik günü”nə hazırlıq işləri gedir. Yeni tədris ilində 20 nömrəli məktəb-lisey fəaliyyətə başlayacaq”.


Mahmud

Xəbər 253 dəfə oxundu.