Salyanda yeni məktəb binasının inşası başa çatıb
Salyanda inşa edilən 1200 şagird yerlik yeni məktəb binasının tikintisi bilik günü ərəfəsində başa çatıb.
AZƏRTAC xəbər verir ki, tikintisinə ötən ilin axırlarında başlanılan üçmərtəbəli bina prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına inşa olunub. Ümumi sahəsi 10 min 135 kvadrat metr olan müasir binada 48 sinif otağı, fizika-kimya laboratoriyası, kompüter otağı, idman və akt zalları, kitabxana, yeməkxana, tibb məntəqəsi var. Məktəb texniki avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.
Yeni təhsil müəssisəsinin ərazisində transformator quraşdırılıb, qazanxana və hər birinin tutumu 150 ton olan üç su anbarı tikilib. Bu, binanın fasiləsiz elektrik enerjisi, istilik və içməli su ilə təmin edilməsinə imkan verəcək. Məktəbin ərazisi abadlaşdırılıb, həyətə asfalt və qazon döşənib, dekorativ bəzək və gül kolları əkilib.
Bilik günü istifadəyə veriləcək yeni binada şəhərdəki 2 və 3 nömrəli məktəblərin şagirdləri təhsil alacaqlar.


Mahmud

Xəbər 60 dəfə oxundu.