Naxçıvanda rəsm sərgisi açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın “Portal” adlı yeni fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə muxtar respublikanın Rəssamlar Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nizami Alıyev rəssamın yaradıcılığı barədə danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, rəssamın zəngin yaradıcılığı rənglərin dili ilə yazılmış bədii həqiqətlər məcmusuna bənzəyir. İldən-ilə rəssamın palitrasında yer almış rənglərin işığı artdıqca, yaradıcı təcrübəsi çoxaldıqca bu dünya ona daha sirli-soraqlı, daha maraqlı görünüb. Bu da rəssama mövzu və süjetlərin alt qatına nüfuz etməyə, orada gizlənən mənəvi-fəlsəfi dərinliyi aşkarlamağa imkan verib.
Vurğulanıb ki, illərdən bəri yaşadığı məkanı layiqincə təmsil edən rəssama dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğı onun yüksək uğurlarına yol açıb. Əminliklə demək olar ki, yaradıcılığının məcmusu kimi dəyərləndirilən növbəti sərgidə nümayiş etdirilən əsərlər də böyük tamaşaçı marağına səbəb olacaq.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva növbəti sərginin təşkilini onun sənətinə göstərilən dövlət qayğısı kimi dəyərləndirib.
Sonra sərgiyə gələnlər nümayiş etdirilən əsərlərlə tanış olublar. Oktyabrın 3-dək davam edəcək sərgidə rəssamın müxtəlif janrlarda işlənmiş 170-ə yaxın əsəri nümayiş etdirilir.
Mahmud

Xəbər 160 dəfə oxundu.