Azərbaycan iqtisadiyyatının dinamik inkişafı uğurlu siyasətin nəticəsidir
“Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ölkəmizin strateji inkişaf xətti doğrudur və bu, özünü daha qabarıq şəkildə büruzə verir”. Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. Musa Quliyev bildirib ki, Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir: “Son illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və Azərbaycanda neftdən asılılığın aradan qaldırılması müşahidə edilir. Dövlət başçısının qeyri-neft sektorunun əsas dörd istiqaməti üzrə - kənd təsərrüfatı, turizm, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları istiqamətində qarşıya qoyduğu vəzifələr müvafiq qurumlar tərəfindən həyata keçirilir. Ötən doqquz ay ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,4 faiz artıb. Digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində də artım var. Bütün bunlar onu göstərir ki, Azərbaycanın hərtərəfli inkişafı təmin edilib. Prezident İlham Əliyev kənd təsərrüfatının emal sənayesinin inkişafının müsbət nəticələrini xüsusilə qeyd etdi. Dövlət başçısı ixrac potensialının kifayət qədər olduğunu, artıq görülən işlərin real nəticələr verdiyini söylədi. Bildirib ki, Azərbaycana kənd təsərrüfatı sektorundan ixrac nəticəsində milyonlarla dollar valyuta daxil olub. Eyni zamanda, Prezident turizmin inkişafı ilə bağlı fikirlərini də bildirdi və müvafiq tövsiyələrini verdi. Dövlətimizin başçısı bu sahənin daha da inkişaf etdirilməsi, gəlirli sahəyə çevrilməsi üçün görülən işləri qeyd etdi. İclasda logistik xidmətlərin genişləndirilməsinin və bu sahədə yeni mərkəzlərin yaradılmasının da Azərbaycanın ixrac potensialının yaxşılaşdırılmasına, həm də qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəyi vurğulandı. Dövlət başçısı xüsusilə qeyd etdi ki, bu yaxınlarda “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması Azərbaycanın ən böyük uğurlarından biridir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin olduğunu vurğuladı. Bu, xalqın ölkə Prezidentinə inamı ilə bağlıdır və qarşılıqlı məhəbbətdən irəli gəlir”. Musa Quliyev diqqətə çatdırıb ki, iclasda Prezident İlham Əliyev qarşıda duran məsələlər barədə də fikirlərini söyləyib, bununla bağlı tapşırıq və tövsiyələrini verib. Yol infrastrukturunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması vacib məsələlərdir. Prezidentin iclasdan sonra qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının təsdiq edilməsi haqqında imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır: “Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə baglı dövlət başçısı söylədi ki, yaxın ildə minlərlə ailə yeni mənzillərlə təmin olunacaq. Təkcə qaçqın və məcburi köçkünlərin deyil, eyni zamanda, sosial evlər layihəsinin bir uğurlu nəticəsi kimi aztəminatlı ailələrin də mənzil şəraitinin yaxşılaşdırılması mümkün olacaq. Gələn il Azərbaycan üçün uğurlu il olacaq. Heç də təsadüfi deyil ki, artıq beynəlxalq reytinq də Azərbaycanın vəziyyətinin yaxşı olduğunu göstərir və ölkəmiz daha yüksək yerlər tutmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı harmonik inkişaf edir və şaxələnmiş iqtisadiyyatdır. Bu da ölkədə balanslaşdırılmış siyasətin aparılmasının bariz nümunəsidir”.

Xəbər 141 dəfə oxundu.