Bələdiyyə sədri Avropa Şurasının sessiyasında iştirak edir
Oktyabın 17-dən 21-nə kimi Azərbaycanın Yerli və Regional Hakimiyyətlər Orqanlarını təmsil edən Milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Fransanın Strasburq şəhərində keçirilən 33-cü Plenar sessiyasında iştirak edir. Sessiyadan öncə oktyabrın 16-da Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus respublikalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda bu ölkələr arasında əməkdaşlıq fəaliyyətləri: nailiyyət və perspektivlər müzakirə olunmuşdur. Əsas mövzusu “Qaçqınların uğurlu inteqrasiyası məqsədilə təmərküzləşmə siyasəti” olan 33-cü Plenar sessiyanın gedişatında gənc qaçqınların iştirakı gözlənilir, o cümlədən uşaq – miqrantların inteqrasiyası məsələsi də ətraflı öyrəniləcəkdir. Sessiyada korrupsiya ilə mübarizə, gənclər siyasəti, azlıqlara mənsub olan dillərə dəstək, kənd regionlarının inkişafı, siyasi həyatda qadınların iştirakı və digər məsələlərə baxılacaqdır. Həmçinin Avropa Şurasının bir sıra üzv ölkələrinin, o cümlədən İtaliya, Serbiya və İsveçrədə yerli və regional səviyyələrdə demokratiyanın vəziyyətinə dair sənədlər qəbul olunacaq, bəzi ölkələrdə isə yerli seçkilərin müşahidə olunması prosesinə dair tövsiyələr hazırlanacaqdır. Konqres üzvləri həmçinin Kataloniyadakı (İspaniya) son durumu detallı müzakirə edəcəklər, gənclərin korrupsiyaya qarşı mübarizədə iştirakı, Avropada demokratiyaya yardım etməkdə və qadınların regional səviyyədə siyasi həyatda iştiraklarında assosiasiyaların və təşkilatların rolu barədə tematik diskussiyalar aparacaqlar. Payız sessiyasının çərçivəsində Avropa Şurasının Konqresində Rusiya Federasiyasının Leninqrad vilayətinin iqtisadi və mədəni potensialını əks etdirən sərgi təşkil olunacaqdır. Sessiyada Çexiya Respublikasının Qanunvercilik və Arxivləşdirmə nazirinin müavini və daxili işlər naziri Petr Mlsnanın, Avropa Şurasının baş katibi və Nazirlər Komitəsinin sədri Tubryorn Yaqlandın, Avstriyanın kənd təsərrüfatı, meşəçilik, ətraf mühit və su resurlarının idarəçiliyi üzrə federal nazir Andra Ruppreçterin iştirakı da gözlənilir.

Fuad

Xəbər 406 dəfə oxundu.