Ərdoğan: “Soçidə keçirilən toplantıda həlledici qərarlar qəbul edilib”
Türkiyə ordusunun kəşfiyyat idarəsinin keçmiş rəisi: “Rusiya ilə razılaşmalar davam etdirilməli, Dəməşqlə əməkdaşlıq edilməlidir”

“Türkiyə seçim ərəfəsindədir: ya ABŞ-İsrail-Səudiyyə Ərəbistanı ittifaqına məcbur edilə bilər, ya da Rusiya və İranla ittifaqa girməlidir”

“Suriyada sülhün bərqərar edilməsi üçün işləri davam etdirəcəyik” Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib. O bildirib ki, Soçidə gerçəkləşən üçtərəfli zirvə toplantısında çox mühüm, həlledici qərarlar qəbul edilib. R. T. Ərdoğan qeyd edib ki, üç ölkə - Rusiya, Türkiyə və İranın anlayış içində olması bu zirvənin ən mühüm nəticələri sırasındadır. Ötən günlərdə ABŞ prezidenti Donald Trampla telefon danışığına toxunan Türkiyə dövlət başçısı bəyan edib ki, bu, uzun müddət sonra ABŞ-Türkiyə münasibətlərində ortaq məxrəcə gəlinən söhbət idi və yaxın günlərdə bu danışıqların davamı olacaq. Misirdə məscidə hücum nəticəsində yüzlərlə müsəlmanın öldüyünü xatırladan R. T. Ərdoğan bir daha vurğulayıb ki, “İŞİD” terror təşkilatını islam dini ilə əlaqələndirmək mümkün deyil: “İŞİD”-ə qoşulan, zehinlərini kirayəyə vermiş, ruhlarını qanla yumuş bu qatil qrupuna qarşı diqqətli olmalı və bölgədə ortaq mübarizə aparmalıyıq. Əvvəlcə terror təşkilatının qaynaqlarını ortaya çıxarmalıyıq”. Qeyd edək ki, Tramp-Ərdoğan telefon danışığında əldə edilən razılaşmalardan biri də Birləşmiş Ştatların Suriyanın şimalında olan PYD-YPG üzvlərinə silah verilməsini dayandırması ilə bağlı olub. Noyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan edib. Amma bəlli olub ki, Pentaqon hələ də kürd döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri"ni silahlandırmaqda davam edir. TASS agentliyinin xəbərinə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq gündəlik brifinqdə deyib. Onun sözlərinə görə, Pentaqon hazırda kürd dəstələrinə hərbi dəstəyin göstərilməsində prioritetlərin dəyişməsi mümkünlüyünü nəzərdən keçirir: “Əsas odur ki, “İŞİD” silahlıları Suriya ərazisinə dönə bilməsin”. Türkiyənin müdafiə naziri Nurəddin Canikli isə bəyan edib ki, Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər: “Bu sabah və yaxud daha tez baş verə bilər”. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan PYD-yə partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı Pekin APA-ya müsahibəsində deyib ki, Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Bundan sonra bölgədə marağı olan dövlətlər Suriyada işlərin siyasi tərəfləri ilə məşğul olacaqlar: “Yaranmış vəziyyətə ölkələr necə reaksiya verəcəklər? ABŞ oradan tamamilə çəkiləcəkmi? Rusiya orada qalmağa davam edəcəkmi? İran hansı addımı atmaq istəyəcək? Türkiyənin maraqları baxımından məsələ məlumdur: Suriyanın ərazi bütövlüyünün qorunmasını istəmişik və istəməyə davam edəcəyik. Hazırda Türkiyənin əsas məqsədi Suriyanın şimalındakı dəhlizin Aralıq dənizinə çıxmasına mane olmaqdır. Türkiyə Fərat çayının nə şərqində, nə də qərbində vahid kürd strukturunun olmasını istəyir. Bu məqsədlə daha əvvəl əl-Baba təşkil etdiyi və uğur qazandığı əməliyyatı indi İdlibdə davam etdirəcək. Bunun üçün, hər şeydən əvvəl, Rusiya ilə razılaşmaların davam etdirilməsi lazımdır. Türkiyə Rusiya ilə razılaşarsa, Afrini mühasirəyə alması asanlaşacaq. PYD terror təşkilatının Menbiç bölgəsində qərar qılması əngəllənməli, oraya ərəblərin gətirilməsinə çalışılmalıdır. Bunun üçün Ankaranın Dəməşqlə əməkdaşlıq etməsi lazımdır. İndi hamı “kürd kartı”dan öz məqsədi üçün istifadə etməyə çalışır. ABŞ onlarla müttəfiqlikdən vaz keçmədiyi kimi, Rusiya da bəzi məsələlərdə PYD-yə loyal yanaşır. İran üçün isə bu, çox da önəmli deyil, çünki İranın əsas məqsədi Livan “Hizbullah”ına dəstəyi davam etdirməkdir. Bu vəziyyətdə siyasi proseslər necə olacaq? ABŞ üçün bölgədəki əsas məsələ İsrailin təhlükəsizliyi olub, bunun üçün İrana qarşı Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi Körfəz ölkələriylə ittifaq yaradılır. Ona görə, PYD/YPG terror təşkilatlarından dəstəyi çəkmək üçün Türkiyəni o ittifaqa çəkmək istəyə bilərlər. Ancaq Türkiyənin o ittifaqa girməsi Rusiya və İran ilə münasibətlərini zədələyə bilər. Ona görə də Türkiyənin bir seçim ərəfəsində olduğunu deyə bilərik: ya ABŞ-İsrail-Səudiyyə Ərəbistanı ittifaqına məcbur edilə bilər, ya da Rusiya və İranla ittifaqa girərək Suriyada kürd dövlət strukturlarının yaranmasını əngəlləyə bilər. Hal-hazırkı vəziyyətdə Türkiyənin Çinlə münasibətləri yaxşı olmalıydı. Uzaq mənzilli raket sazişi ləğv edilməsəydi, Çinin bizə faydası dəyərdi. Türkiyənin hansı mövqeyi tutacağını bilmirik. Bütün hallarda ölkəmizin mənafeyi naminə olan addımlar atılmalıdır. Şahmat taxtasında olduğu kimi, 20-25 həmlə o tərəfi görməliyik. İndiki vəziyyətdə bizim daha yaxşı kəşfiyyata və daha sərrast analizlərə həmişəkindən çox ehtiyacımız var”.
Anar

Xəbər 190 dəfə oxundu.