Naxçıvanda anbarlarda bol məhsul ehtiyatı yaradılıb
Muxtar respublikada əhalinin tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə bu ildə də soyuducu anbarlara kifayət qədər məhsul tədarük edilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il iyunun 28-dən dekabrın 11-dək muxtar respublikadakı soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarlar tərəfindən istehsal edilmiş 4075,76 ton məhsul tədarük olunub. Bunun da 3079 tondan çoxunu kartof, 58 tondan çoxunu soğan, 40 tondan çoxunu ərik, 227 tondan çoxunu alma, 137 tondan çoxunu şaftalı, 9 tondan çoxunu kələm və digər məhsullar təşkil edir. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 2 min 298 tondan çoxu artıq satılıb.
Soyuducu anbarların imkanlarından səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə onlar məhsul istehsalçılarına icarəyə də verilir. Hazırda soyuducu anbarlarda bu yolla 203 ton məhsul saxlanılmaqdadır.
Qeyd edək ki, Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada yaradılan anbarların ümumi sayı artıq 31-ə, onların ümumi tutumu isə 14 min 30 tona çatdırılıb.
Mahmud

Xəbər 232 dəfə oxundu.