Türkiyədə türk dünyası jurnalistlərinin zirvə görüşü keçirilib
İlqar İlkin: "Türkdilli ölkələrin media qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq"
Türkiyənin Koceli şəhərində "16 Ocak Basın Onur günü - Türk dünyası jurnalistlərinin Zirvə görüşü" keçirilib. Bu barədə məlumat verən zirvə görüşünün iştirakçısı, "Birlik" jurnalının baş redaktoru, ATXƏM-in icra katibi İlqar İlkin deyib. Tədbir Türk dünyası Jurnalistlər Federasiyasının hazırladığı "Türk dünyası sənədli film göstərisi" ilə başlayıb: "Daha sonra tədbir panellərdə davam etdirilib. Panellərdə çıxış edən professor Korkmaz Alemdar, Emel Baştürk Alça, Kemal Yakut, Bünyamin Ayhan, Besim Yıldırım vəMeltem Gönden çıxış edərək, Türkiyənin ayrı-ayrı bölgəsində nəşr olunan qəzetlərin milli mücadilə dönəmində və ondan sonrakı illərdə oynadığı roldan danışıblar. Daha sonra konfransda Türk dünyasında medianın rolu və qarşılıqlı əlaqələrə, problemlərə həsr olunmuş tədbir keçirilib. Çıxışçılar Balkanlarda Türkcə mətbuat orqanlarının qarşılaşdığı problemlərə, göstərilən ayrı seçkiliyə diqqət çəkiblər. Qeyd olunub ki, bu basqıların olmasına baxmayaraq, Balkanlarda türk dilinin qorunması üçün əsl mücadilə aparılır, xüsusən ədəbi dərgilər bu sahədə fədakarlıq göstərirlər.
Türk dünyasında mətbuat tarixinə həsr olunmuş paneldə Qazaxstan Əl-Fərabi Unversitetinin dosenti Davran Dyussebayev, Qırğızstan Manas Universitetinin jurnalistika fakültəsi dekanı Hamza Çalır, Azərbaycandan "Birlik" jurnalının baş redaktoru İlqar İlkin çıxış edərək, mətbuatla bağlı geniş məlumat veriblər. Azərbaycanda mətbuata dövlət tərəfindən böyuk qayğı göstərildiyini qeyd edən İlqar İlkin bildirib ki, Türkdilli ölkələrin media qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq: "2010-cu ildən başlayaraq, Ankarada, Bakıda və Bişkekdə Türkdilli ölkələrin media forumları keçirildi. Ümid edirik ki,bu forumlarda əməkdaşlıq üçün təklif etdiyimiz bütün məsələləri yerinə yetirə bilərik. Bunun üçün səylərimizi daha da artırmalıyıq. Hesab edirəm ki, türk dünyasının Vahid Media Platformu yaradılmalı, Unversitetlərin jurnalistika fakültələrində bütün Türk xalqlarının mətbuat tarixi öyrədilməlidir". Tədbirin sonunda plaketlər təqdim olunub.
Fuad

Xəbər 99 dəfə oxundu.