Şabranda müasir yol infrastrukturu yaradılır
Şabranda 39 kilometrlik yolda müasir yol infrastrukturu yaradılır.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramları çərçivəsində son illər təkcə magistral və respublika əhəmiyyətlə yollar deyil, həm də kənd və qəsəbələrarası yolların da yenidən qurulması prioritet məsələlərdən biridir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bunun nəticəsi olaraq, 2017-ci ildə 52 bu cür yolun yenidən qurularaq və tikilərək istifadəyə verilməsi reallaşdırılıb. Agentlik tərəfindən cari ildə də bu istiqamətdə irimiqyaslı layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. Artıq 2018-ci ilin ilk günlərindən bu çərçivədə sürətlə və yüksək keyfiyyətlə tikinti və bərpa işlərinə başlanılıb.
39 kilometr uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu Şabran rayonunda bu il həyata keçirilməsi planlaşdırılan iki layihədən biridir.
Uzun müddət istismar olunması və əsaslı şəkildə təmir olunmaması yolboyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gediş-gəlişini xeyli çətinləşdirib. Məhz bu nəzərə alınaraq sözügedən yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətli yenidənqurma işlərinə start verilib.
Layihə çərçivəsində hazırda yolboyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
Yolboyu süni qurğularda 24 metr uzunluqlara malik 2 avtomobil körpüsünün və 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası, ardınca asfaltlanma işlərinin aparılması planlaşdırılır. Yeni asfalt-beton örtük 2 laydan ibarət olmaqla və yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla ümumilikdə 230 min kvadratmetrdən çox sahəyə döşənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikinti işlərindən sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədilə zəruri yol nişanlarının və məlumatverici lövhələrinin quraşdırılmasını, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işlərini aparacaq.
39 kilometrlik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişindaşımasını asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, burdan isə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonlarının, istərsə də paytaxt Bakının bazarlarına daşınmasına imkan yaradacaq.
Qeyd edək ki, Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu rayon ərazisində bu il reallaşdırılması nəzərdə tutulan iki layihədən biridir. Hər iki layihənin icrası 13 yaşayış məntəqəsinin 17 mindən çox əhalisinin yüksək keyfiyyətlə yenidən qurulacaq 65 kilometr avtomobil yolundan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq.
Tural

Xəbər 982 dəfə oxundu.