“Maviyə boya” adlı tədbir
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar “Maviyə boya” adlı tədbir keçirilib.
2 Aprel Dünya Autizm Məlumatlandırma Gününə həsr olunan tədbirin keçirilməsində məqsəd autizm xəstəliyi haqqında cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. Qeyd edilib ki, dünya əhalisinin 1 faizi yəni 70 milyon insan autizmli olaraq dünyaya gəlir, ölkəmizdə isə təxmini 4000-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.
Autizm sindromlu uşaqlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən kollecin direktoru Qulu Novruzov bildirib ki, bununla bağlı maarifləndirmə istiqamətində çoxlu sayda qurum və ictimai birliklər mühüm layihə və tədbirlər həyata keçirir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin müdiri Lalə İmanova autizmin nə olduğunu, ilkin yaranma səbəbləri və əlamətləri haqqında məlumat verib, həmçinin ölkəmizin autizm sindromlu uşaqların artımına görə dünya ölkələri sırasında 3-cü yerdə olduğunu bildirmişdir.
Daha sonra çıxış edən “Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli İctimai Birlik tərəfindən həyata keçirilən layihələr, tədbirlər barədə danışıb, həmçinin autizmin üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran və beyinin inkişafına maneə törədən bir problem olduğunu qeyd edib. Mütəxəssislər onu da vurğuladı ki, autizmli uşaq öz yaşına uyğun olmayan jest və mimiklərdən istifadə edir, göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində  geriləmə baş verir, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir.
Ombudsman Aparatının sektor müdiri Müqabil Mahmudov öz çıxışı zamanı 2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Gününün vacibliyini vurğulayıb və aprel ayının “Beynəlxalq Autizm Maarifləndirmə” ayı olduğunu qeyd edib.

Psixoloq Əfsanə Talıbova çıxışında autizm spekturum pozuntusunun əlamətləri, autizmin tibb elmində kəşfi, bu sindromun sosial münasibətlərlə bağlı problemləri barədə iştirakçılara məlumat verib və slayd nümayiş etdirib.
Daha sonra çıxış edən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə autizmin psixoloji problem olduğundan dərmanlarla müalicəsi olmadığını və yalnız nevroloji müalicənin vacibliyini qeyd etmişdir. Davud Rəhimli bildirdi ki, autizm xəstəlik deyil, fərqlilikdir, autistlər içimizdən biridir.
Həmçinin tədbirdə autizmlə bağlı məşhurların çəkdikləri maarifləndirici videolar, eləcə də autizmin əlamətlərini daha ətraflı əks etdirən videoçarx təqdim olunub.

Xəbər 860 dəfə oxundu.