Şanlıurfada Azərbaycan coşqusu
Hər il olduğu kimi, bu il də Türkiyədə 23 aprel – Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd olunur. Belə ki, Milli Suverenlik və Uşaqlar Günü münasibətilə ölkənin hər yerində, o cümlədən Şanlıurfada bayram şənlikləri, beynəlxalq uşaq festivalları və s. mərasimlər təşkil olunub. Qeyd edək ki, Şanlıurfa Arxeologiya Muzeyinin qarşısında keçirilən və 10 ölkədən, həmçinin Türkiyənin 7 bölgəsindən şagird heyətlərinin qatıldığı bayram tədbirində Şanlıurfa valisi Abdulla Erin, Şanlıurfa böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, bölgənin əmniyyət müdiri Veysəl Tipioğlu, Cümhuriyyət başsavçısı Sadi Doğan və digər rəsmilər iştirak ediblər. Sayğı duruşu və İstiqlal marşının oxunması ilə başlayan bayram tədbirində Makedoniya, Suriya, Bosniya və Hersoqovina, Rumıniya, Bolqarıstan, Azərbaycan, Gürcüstan, Qırğızıtan, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti, həmçinin yerli bölgələrdən olan şagirdlər milli rəqslərlə çıxış ediblər. Məlumat üçün bildirək ki, ölkəmizi bu bayram tədbirində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri təmsil ediblər. Azərbaycanlı şagirdlərin rəqsləri böyük coşqu ilə qarşılanıb. Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.

Xəbər 98 dəfə oxundu.