“BƏƏ-dən Azərbaycana 150 mindən çox turistin gəlməsi proqnozlaşdırılır”
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ( BƏƏ) səfiri Daşqın Şikarovun müsahibəsi:
 
- Azərbaycan və BƏƏ arasında turizm sahəsində əməkdaşlığın perspektivini necə qiymətləndirirsiniz? Müsahibələrinizdən birində qeyd etmişdiniz ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Bu il üçün hansı göstəricilər gözlənilir? BƏƏ-dən Naxçıvan və Gəncə şəhərlərinə birbaşa uçuşların təşkil edilməsi ilə bağlı nə deyə bilərsiniz?
 
- Azərbaycan Prezidenti İlham Əliyevin turizmin inkişafına dair siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi günü-gündən artmaqdadır. BƏƏ-dən olan turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Qeyd etdiyiniz kimi, statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 7 min, 2016-ci ildə  48 min nəfər olub. Sevindirici haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. “Reuters” agentliyinin yaydığı məlumata görə, turizm və ticarət sahəsində aparıcı şirkət sayılan TRAVELPORT tərəfindən aparılmış tədqiqatlara əsasən 1 aprel 2017 - 31 mart 2018-ci il ərzində Azərbaycan BƏƏ səyahətçiləri tərəfindən ən çox səfər edilən 2 ölkədən biri olub. Həmin müddət ərzində GDS (Global Distribution Systems) qlobal şəbəkəsinə Azərbaycana səfər etmək üçün daxil olmuş sifarişlərin sayı keçən ilə nisbətən 50% artıb. Digər mənbələrdən əldə etdiyimiz statistik məlumatlar sözügedən rəqəmi təsdiqləyir. Düşünürəm ki, 2018-ci ildə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfərdən çox olmasını proqnozlaşdırmaq olar. Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi, Azərbaycanda hökm sürən əmin-amanlıq, inkişaf, stabillik, qonaqpərvərlik turizmin inkişafına müsbət təsir edən əsas amillərdəndir.  Bildiyiniz kimi, 2017-ci ilin mart ayında BƏƏ-nin “Air Arabia” şirkətinin Şarja-Bakı, 2018-ci ilin mart ayında isə “Etihad” hava yollarının Abu Dabi-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Bu uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AZAL və “FlyDubai” şirkətlərinin uçuşlarına əlavə olunub. Həftədə üç dəfə olmaqla, uçuşlara başlayan “Etihad” hava yolları tələbin çoxluğuna görə artıq təyyarələrini daha böyük model ilə əvəzləyib, yaxın zamanlarda uçuş sayını artırmaq barədə düşünür. 2018-ci ilin iyun ayından “Air Arabia” şirkətinin Şarja-Bakı xətti üzrə uçuşlara başlaması planlaşdırılır. BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqları, birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırır. Məhz bu baxımdan, Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə uçuşların açılması turist mübadiləsinin artmasına xidmət edə bilər.
 
- Ölkəmizə gələn ərəblər əsasən ovçuluğa maraq göstərirlər. Qanunsuz ovçuluq halları ilə bağlı rəsmi xəbərlərdə də onların adı çox hallanır. Siz bu barədə nə düşünürsünüz?
 
- Təkcə BƏƏ-dən deyil, bütün Körfəz Əməkdaşlığı Şurası ölkələrindən Azərbaycana səfər edən ərəblərin bəziləri ovçuluğa maraq göstərirlər.
 
"Ovçuluğa maraq göstərən BƏƏ vətəndaşları səfirliyə müraciət etdikləri halda, müvafiq qaydada məlumatlandırılır və onların qanun çərçivəsində fəaliyyət göstərmələri üçün əlaqələndirmə işləri təmin edilir"
 
Şübhəsiz ki, turistlərin təkcə ovçuluq deyil, eyni zamanda digər fəaliyyətləri də Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və qaydaları əsasında aparılmalıdır. Qeyd olunmalıdır ki, ovçuluğa maraq göstərən BƏƏ vətəndaşları səfirliyə müraciət etdikləri halda, müvafiq qaydada məlumatlandırılır və onların qanun çərçivəsində fəaliyyət göstərmələri üçün əlaqələndirmə işləri təmin edilir.
 
- BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud səviyyəsi Sizi qane edirmi? İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində necə əməkdaşlıq edir?
 

- Qarşılıqlı anlaşma və etimada əsaslanan Azərbaycan-BƏƏ əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrində sürətlə inkişaf edir. Dövlətlərimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur və bu iki ölkə liderləri və yüksək səviyyəli rəsmilərin iki və çoxtərəfli formatda görüşlərində öz əksini tapır. Birləşmiş Ərəb Əmirlikləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ölkələrimiz eyni zamanda, beynəlxalq arenada, o cümlədən üzv olduqları BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlıq edirlər.
 
- İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsi haqqında nə deyə bilərsiniz? Bu gün BƏƏ şirkətləri, investorları Azərbaycanla hansı sahələrdə əməkdaşlığa maraq göstərir? BƏƏ-nin daxili bazarında Azərbaycan məhsullarının təşviqinə dair hansı işlər görülür?
 
- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan-BƏƏ iqtisadi və ticarət əməkdaşlığı yüksək templərlə inkişaf edir. Belə ki, Dubay Ticarət Palatası 2017-ci ilin ilkin göstəricilərinə görə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlayıb ki, bu da 2016-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, həmçinin böyük turist axınını göstərmək olar. Onu da bildirmək istərdim ki, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı da ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Belə ki, 2017-ci və 2018-ci illərdə ölkəmiz “Gulfood 2017”, “Arabian Travel Market”, Abu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili - istiqamət Azərbaycan" sərgilərində, Şeyx Zahid İrsi Festivalında təmsil olunub. Həmçinin əmirliklərdən olan sənaye şirkətləri Bakı şəhərində keçirilmiş “REC Expo” daşınmaz əmlak sərgisində də iştirak ediblər. Azərbaycanın bir neçə ticarət nümayəndəliklərindən birinin də BƏƏ-də açılması və kifayət qədər təcrübəsi olan Elnur Əliyevin nümayəndə vəzifəsinə təyin olunması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas verir.
 
"BƏƏ-li iş adamları üçün də Azərbaycanda daşınmaz əmlak, infrastruktur, turizm sahəsində 3, 4 və 5 ulduzlu mehmanxanaların inşası, eyni zamanda kənd təsərrüfatı cəlbedici sahələrdəndir"
 
Azərbaycanda milli iqtisadiyyatın inkişafı məqsədilə həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının liberallaşması, mövcud hüquq-normativ baza və sair bu kimi amillər ölkəmizdə cəlbedici investisiya mühiti yaradıb. Mövcud məlumatlara əsasən bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Fikrimizcə, BƏƏ-li iş adamları üçün də Azərbaycanda daşınmaz əmlak, infrastruktur, turizm sahəsində 3, 4 və 5 ulduzlu mehmanxanaların inşası, eyni zamanda kənd təsərrüfatı cəlbedici sahələrdəndir. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı, Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var, hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistlərini Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir. Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda, BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.
 
- İki ölkə arasında mədəniyyət, təhsil, səhiyyə, ədliyyə, hərbi, ali təhsil və idman sahələrində geniş tərəfdaşlıq əlaqələri ilə bağlı hansı yeni layihələr həyata keçirilir? Ölkələrimiz arasında tələbə mübadiləsi barədə nə deyə bilərsiniz?
 
- Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Şübhəsiz ki, humanitar sahədə əməkdaşlıq xalqlarımız arasında münasibətlərin önəmli bir hissəsini təşkil edir. Azərbaycanın BƏƏ ilə sadaladığınız bütün seqmentlərə dair əməkdaşlıq üçün müqavilə-hüquq bazası mövcuddur. Hazırda azərbaycanlı tələbələr BƏƏ-nin  aparıcı, o cümlədən Sorbon Universitetində təhsil alır.  Ölkələrimizin elm, təhsil və mədəniyyət xadimləri mübadiləsi, Azərbaycan sənət ustalarının ölkəmizin zəngin mədəniyyətini BƏƏ səhnələrində təqdim etmələri və digər fəaliyyətlər humanitar sahədə əməkdaşlıq nümunələri kimi qeyd oluna bilər.  Sözügedən sahədə son belə əməkdaşlıq ötən ayda olub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetinin İctimai əlaqələr departamentinin kommunikasiya fakültəsinin tələbələri Azərbaycanda səfərdə olub, Bakı Dövlət Universitetində azərbaycanlı tələbələrlə görüşüblər. Tələbələr BƏƏ-nin qurucusu Şeyx Zayedin anadan olmasının 100 illiyi münasibətilə Bakıda xurma ağacı əkiblər.
 
- İki ölkə arasında yaxın zamanlarda rəsmi səfər mübadilələri nəzərdə tutulubmu? Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanın Azərbaycana səfərinin təşkil olunması üçün iş davam etdirilirdi. Tarix dəqiqləşdirildimi?
 
- Qeyd etdiyim kimi, yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əlaqələrinin inkişafı üçün müstəsna rol oynayan amillərdəndir.
 
"Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfərinin təşkili istiqamətində işlər davam etdirilir"
 
1-2 fevral 2016-cı il tarixlərində prezident İlham Əliyev BƏƏ-də rəsmi səfərdə olub. Eyni zamanda, 21 may 2017-ci il tarixində dövlət başçısı Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakı çərçivəsində Abu Dabinin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Hazırda Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın Azərbaycana rəsmi səfərinin təşkili istiqamətində müvafiq işlər davam etdirilir. Tarixlər dəqiqləşdikdən sonra mətbuata açıqlanacaq. 2018-ci ildə BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər iclasında iştirak edib, eyni zamanda Azərbaycanın maliyyə naziri Samir Şərifov, birinci vitse-prezidentin köməkçisi və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov BƏƏ-də işgüzar səfərlərdə olublar. Son aylar ərzində ikitərəfli yüksək səviyyəli səfərlər sırasında gənclər və idman naziri Azad Rəhimovun, mədəniyyət naziri Əbülfəs Qarayevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (hazırda kənd təsərrüfatı naziri) İnam Kərimovun, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin BƏƏ-yə səfərlərini, BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş iclasında iştirakını, xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Şərəfin, BƏƏ prezidentinin ədliyyə və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əbdülrəhman əl-Haşiminin Azərbaycana səfərini və s. təmasları qeyd etmək olar. Xarici işlər naziri Elmar Məmmədyarovun cari ilin payızında BƏƏ-yə işgüzar səfəri planlaşdırılır. Bununla yanaşı, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin BƏƏ-yə səfəri təşəbbüs edilib. Bu istiqamətdə iş davam etdirilir.
 
- 2008-ci ildə təsis edilmiş Azərbaycan-BƏƏ hökumətlərarasıbirgə komissiyanın növbəti iclası nə zaman baş tutacaq? İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr gözlənilirmi?
 
- Azərbaycan Respublikası hökuməti və BƏƏ hökuməti arasında İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyası və həmçinin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin cari ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, bu kimi tədbirlərin  və görüşlərin keçirilməsi dövlətlərimiz arasında münasibətlərin inkişafına xidmət edən vacib platformalardır. Sözügedən mexanizmlər əlaqələrimizin iqtisadi, ticarət, humanitar və digər sahələrdə inkişaf vektorunu müəyyənləşdirir və artım dinamikasını təmin edir. Həmin platformalar siyasi dialoqun aparılması və siyasi mövqelərimizi əlaqələndirmək üçün son dərəcə vacibdir. Bu baxımdan hökumətlərarası komissiya və siyasi məsləhətləşmələrin növbəti iclasların hazırlanması aidiyyəti nazirliklər və  digər qurumların cəlb edilməsi ilə böyük və hərtərəfli işin aparılmasını, indiyə qədər görülmüş işlərin təftiş edilməsini, yeni təkliflərin hazırlanmasını tələb edir ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır.
APA

Xəbər 340 dəfə oxundu.