Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”

Aşıq Hüseyn, telli sazdır əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
(Aşıq Hüseyn Bozalqanlı)

Keçən dəfəki müsahibəmizdə Aşıq Hüseyn Bozalqanlının Böyük Oktyabr Sosialist İnqilabına kimi olan dövrünü nəzərdə tutmuşduq. Bu müsahibəmizdə aşığın Oktyabr inqilabından vəfatına qədər olan dövrünü əhatə etməyə çalışacayıq. Müsahibədə Aşıq Hüseyn Bozalqanlının ustad sənətkar, ictimai-siyasi xadim kimi fəaliyyəti, onun tərəfindən aşıq poeziyasında ilk dəfə hansı problemlərin ortaya qoyulduğu və yaratdığı aşıq məktəbi ilə (yəni şagirdlərinin (şəyirdlərinin) bağlı məsələlər nəzərdən keçiriləcək. Qeyd edək ki, Hüseyn Bozalqanlının şəyirdlərinin şəyirdləri hal-hazırda da aşıq sənətini yaşadırlar.
Hüseyn Bozalqanlı aşıq sənətinə bir elm kimi münasibət göstərib və dövrünün qabaqcıl sənətkarı olub. Səməd Vurğun hələ gənc yaşlarında Hüseyn Bozalqanlıdan bir çox məsələləri öyrəndiyi sağlığında da qeyd etmişdir.
Müsahibimiz Aşıq Hüseyn Bozalqanlı irsinin tədqiqatçısı Fəxrəddin Quliyevdir.

- Öncə müsahibəmizə Aşıq Hüseyn Bozalqanlının Azərbaycan Demokratik Cümhuriyyəti dövründəki fəaliyyətindən söhbət açardız.
- Azərbaycan tarixində Böyük Oktyabr Sosialist İnqilabı ilə əlaqədar yeni bir dövr və tarix başlayır. Sonra Aşıq Hüseyn Bozalqanlının çox arzu etdiyi Azərbaycan Demokratik Cümhuriyyəti qurulur. Bu dövrdə bəstəkar və folklorşünas ailm Azad Ozan Kərimlinin Tovuz aşıqlarından aldığı məlumata görə Aşıq Hüseyn Bozalqanlı Tovuzda ilk dəfə Aşıqlar Birliyi yaradıb. Bu AXC dövründə Hüseyn Bozalqanlının gördüyü ən mühüm işlərdən biridir. Aşıq Hüseyn Bozalqanlı Tovuz aşıqlarının rəhbəri olub və bütün aşıqlar onun ətrafına toplaşıblar. Ümumiyyətlə, Aşıq Hüseyn Bozalqanlı haqqında xatirələrdə yer alan fikirlərdə müəlliflərin hamısı yekdil bir fikirdə olublar.
Aşıq Hüseyn Bozalqanlının təfəkkürü o qədər güclü olub ki, kiçik bir hadisəni irihəcmli müxəmməsdə əks etdirə bilirdi. Bozalqanlının yaradıcılığına nəzər yetirsək görürük ki, insanların savadsızlığı ilə bağlı bir neçə hadisəni nəzmə çəkib. Həmin şeirlərlə aşıq insanların savadsızılığını aradan qalxmasına və cəmiyyətin maariflənməsinə çalışırdı. Yəni aşıq xalqının nümayəndələrinin savadsız olmalarını istəmirdi. Belə hadisələrdən birinə həsr etdiyi “Var imiş” adlı müxəmməsi var. Müxəmməsin yazılması AXC dövrünə təsadüf edir. Bu hadisələr Aşıq Hüseynin yaradıcılığında onun ictimai hadisələrə münasibətini göstərir.
- Aşıq Hüseyn Bozalqanlını şəxsiyyət kimi necə xarakterizə etmək olar?
- Hüseyn Bozalqanlının fərqləndirici cəhətlərini qeyd etmək lazımdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, şəxsiyyət sənətdə böyük amildir. Hüseyn Bozalqanlı təbiəti etibarilə qorxmaz, cəsur şəxsiyyət idi. Aşıq çox ciddi analitik təfəkkür sahibi olub. Bunun səbəbi mükəmməl mədrəsə təhsili alması, təbiəti, cəmiyyəti, insan mənəviyyatını öyrənməyə meyilli olmasından irəli gəlib. Bu xüsusiyyətlər bütün ustad aşıqlarda cəmlənməlidir. Aşıq sənəti Dədə Qorquddan üzü bəri gəlir. Dədə Qorqud xalqın mənəvi lideri, məsləhətçisi, ustadı olub və şəhirdlər yetirib. Bizim aşıqlarımız Dədə Qorqudun tələbələri, daha doğrusu, şəyirdləridirlər. Bu baxımdan hər bir aşıq xalqının milli psixologiyasını, mentalitetini dərindən mənimsəməlidir. Əks halda, həmin aşıq xalqı üçün dəyərli əsər yarada bilməz. Aşıq Hüseyn Bozalqanlı bu məsələdə həmişə öndə olub. Bunun isə əsas səbəblərindən biri Hüseyn Bozalqanlının həyatda fəal bir şəxs, daha doğrusu, ictimai hadisələrin qaynar nöqtəsində olmasıdır. Biz bunu aşığın şeir və dastanlarında aydın şəkildə görürük.
- Bəs Sovet hakimiyyətinin ilk illərində sənətkarın ictimai hadisələrə münasibəti haqqında nə deyə bilərsiniz? Həmçinin aşığın ilk şeirlərinə hansı çap məhsullarında rast gəlibsiz?
- AXC çox təəssüf ki, qısa ömür sürdü və Azərbaycanda Sovet hökuməti quruldu. Sovet hakimiyyətinin ilk illərində bölgələrdə kiçik həcmdə azad ticarətlə məşğul olmağa icazə verilirdi. Təəssüf ki, bu qanunu dərindən bilməyənlər çoxlu qazanc əldə etmək üçün ticarətin həcmini böyüdürdülər. Bu isə öz növbəsində dövlət məmurlarının yoxlamaları zamanı qanunsuzluğu üzə çıxarırdı. Bu ticarətlə bağlı Aşıq Hüseynin “Olubdur” rədifli şeiri var. Şeir, həqiqətən, maraqlıdır. Şeirdə aşığın ictimai həyatı və ticarət qaydalarını nə qədər yaxşı bildiyini aydın görürük.
1920-ci illərin əvvəllərindən başlayaraq Aşıq Hüseyn Bozalqanlı çoxdan fikirləşdiyi dastanlarla məşğul olur. Aşıq 1924-cü ildə “Koroğlu nağıllarını” yazır. Həmin vaxtlar “Koroğlu dastanları” yox, “Koroğlu nağılları”adlanırdı. Artıq Aşıq Hüseynin adı Zaqafqaziyada məşhur idi.
Folklorşünas alimlər folklor nümunələrini toplamaq üçün bölgələrə ezam olunurdular. Tanınmış alim Vəli Xuluflu ilə Aşıq Hüseyn Bozalqanlının görüşü Gəncədə baş tutur. Vəli Xuluflu Aşıq Hüseyn Bozalqanlıdan “Koroğlu” dastanının iki qolunu yazıya alır. Kitabında yazır: “Mən çalışdım aşığın dialektini saxlayım, təəssüf ki, Gəncə dialektində deyildi”. Bu fakt göstərir ki, Aşıq Hüseyn Bozalqanlı dastançılıqla bağlı folklorçu alimlərin diqqətini cəlb edir. “Koroğlu dastanı”nın iki qolu 1927-ci ildə əski əlifba, 1929-cu ildə isə latın əlifbası ilə çap olunur. Bu dövrdə Aşıq Hüseynın yaradıcılığı yeni vüsət alır və şəyirdlərinin sayı da artır. Aşığın 15-ə yaxın şəyirdi olub. El şairləri səviyyəsində şair Vəli Bozalqanlı, Nəcəf Əlmərdanlı, Xəyyat Mirzə və Aşıq Qoca Quliyev, Aşıq Zülfiqar, Əli Quşcu, Qədir İsmayılov, Dəmirçi Aşıq Hüseyn, Aşıq Yəhya və bir neçə aşıqlar olublar. Qeyd edək ki, bu dövrdə aşıqlara və folklorçu alimlərə tədqiqat aparmaq üçün əlverişli şərait yaradılıb.
Aşıq Hüseynin şeirlərinə ilk dəfə 1929-cu ildə Hümmət Əlizadənin çapa verdiyi “Aşıqlar” kitabının I cildində rast gəlinir. Kitabın ikinci cildi 1931-ci ildə çap edilib. Təsəvvür edin ki, Aşıq Hüseyn Bozalqanlının “Koroğlu” dastanı 1927-ci ildə çap edilir, amma mətbuatda onun şeirləri çap olunmur. Həmin dövrdə mətbuat el şairlərinin yaradıcılığına biganə yanaşıb.
- Maraqlıdır ki, Aşıq Hüseynin arxivi yandırılıb. Bunun tarixçəsi haqqında danışardınız.
- Aşığın arxivi faciəli şəkildə məhv edilib. Repressiya illəri Aşıq Hüseynin ailəsindən də yan keçməyib. Oğlunu, qardaşını, qardaşıoğlunu sürgün edirlər. Oğlu Məhəmməd Daşkənddən məktub yazır ki, əmim vəfat etdi və onu yuyub müsəlman qaydası ilə dəfn etdim. Hüseynin nüfuzlu adam olmasına baxmayaraq, özü də təziq altında olub.
Aşıq öz şeirlərini ərəb qrafikası ilə yazırdı. Buna görə belə yazıları görən kimi hökumət nümayəndələri şüphələnirdilər. Bir gün Hüseyn evə gələdə hər kəsin pərişan olduğunu görür və səbəbini soruşur. Ona oğlu Məhəmmədi milis (polis) apardığını deyirlər. Buna görə gəlini qorxusundan əlyazmaları yandırıb ki, bizi də tutacaqlar. Göründüyü kimi, Aşıq Hüseyn evdə olmayanda onun bütün arxivi məhv edilir.
- Hüseyn Bozalqanlının digər aşıqlardan fərqli olaraq yaşadığı dövrdə mətbuatla əlaqəsi olub. Bu baxımdan, 1930-cu illər mətbuatında Aşıq Hüseyn necə işıqlandırılıb və Aşıq Hüseynin Yazıçılar İttifaqı ilə münasibəti haqqında nə deyə bilərsiniz? Həmçinin aşığın lent yazısı varmı?
- 1930-cu illərdən başlayaraq SSRİ-də ab-hava dəyişməyə başlayır. Almaniyada Hitler hakimiyyətə gəlir və həmin illərdən müharibəyə başlayır. Bu zaman Moskva tapşırıq verir ki, xalqı öz ətrafına yığmaq lazımdır. Beləcə, müharibəyə hazırlaşmağa çalışırlar. Buna görə Moskva folklorun tədqiqinə geniş yer ayırır. Azərbaycanda aşıq yaradıcılığına xüsusi diqqət verilir, aşıq şeirləri, dastanlarının toplanması və tədqiqi üçün folklorşünaslar rayonlara ezam olunurlar. Mətbuatda aşıqların şeirləri, dastanlardan parçalar dərc edilir, aşıqların şeirləri və dastanlardan ibarət kitablar çap edilir.
1939-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində Hüseyn Bozalqanlının şeirləri şəkli ilə çap edilib. Qəzetdə Nizamidən üzü bəri şairlərin şəkli verilib və burada böyük şairlərlə yanaşı, aşıqlar içərisində Hüseyn Bozalqanlının böyük şəkli də verilib. Aşıq Hüseynin şeirləri, haqqında yazılar dərc olunub. Biz onun ikicildliyinin akademik nəşrini hazırlayanda bu materiallardan istifadə etdik.
Aşıq Hüseyn AYB-yə qəbul olunan ilk aşıqdır. O dövr üçün aşıqların fəaliyyətini qiymətləndirən ən yüksək ad Əməkdar incəsənət xadimi idi. Hüseyn Bozalqanlıya Əməkdar incəsənət xadimi adı verilib. Qərar 1939-cu ildə verilir, 1940-cı ildə icra olunur və 1941-ci ildə sənədləşdirilir. Aşığın xəstə olmasına görə adı özü ala bilmir. Sənəd hal-hazırda Nizami adına Ədəbiyyat müzeyində saxlanılır.
Aşıqlarla bağlı materiallar Ba¬kı Baş Arxivlər İdarəsi S.Mümtaz adına Ədəbiyyat və İncə-sə¬nət arxi¬vin¬də “Aşıqlarla yazışmalar” adlı qovluqlarda saxlınılır.
Həmin dövrdə Gəncə-Qazax bölgəsində şairlər çox olublar. Bunların önündə Səməd Vurğun və Osman Sarıvəlli gedirdi. Bu şəxslər çox fəal olublar. Osman Sarıvəlli aşıqların Yazıçılar Birliyinə qəbul olunmasında rol oynayıb və Birlikdə Aşıqlar bölməsinə rəhbərlik edib. Osman Sarıvəlli “Başına döndüyüm” şeirini Hüseyn Bozalqanlıya həsr edir (“Ədə¬biyyat qə¬ze¬ti”, (1938, 15 yanvar). Həmin şeir dərc olunan kimi Aşıq Hüseyn “Başına döndüyüm” rədifli şeiri ilə Osman Sarıvəlliyə cavab yazıb (“Ədəbiyyat qəzeti”, 1938, 2 fev¬ral). Aşıq Hüseyn bu şeirində Osman Sarıvəlliyə, Səməd Vurğuna, Cəfər Xəndana, Məmməd Rahimə - cavan sənətkarlara zərgər dəqiqliyi ilə yaradıcılıq xarakteristikası verib. Buna cavab olaraq Səməd Vurğun “Aşıq Hüseynə”, Cəfər Xəndan isə “Aşıq Hüseyn Bozalqanlıya” adlı şeirlərini çap etdiriblər (Ədəbiyyat qəzeti, 1938, 1 mart).
Məmməd Rahim, İsmayıl Soltan və digər şairlər də Hüseyn Bozalqanlıya şeir həsr ediblər. Həmin dövrdə Hüseyn Bozalqanlı diqqət mərkəzində olan sənətkar olub. Aşığı bir neçə dəfə Bakıya çağırırlar. Mirzə İbrahimov bir dəfə Tovuza qonaq gəlir və Aşıq Hüseyn Bozalqanlının ifalarına qulaq asır. Mirzə İbrahimov deyir: “Ay Hüseyn, biz də sənətkarıq. Başa düşə bilmədim ki, sən bir gecədə neçə dənə bədahətən şeir dedin. Gəl, Bakıya gedək və orada ədəbi mühitdə ol”. Hüseyn deyir: “Ay oğul, mənim Bakıda nə işim var. Mən kənd adamıyam”. Mirzə İbrahimov Hüseyn Bozalqanlını Bakıya dəvət etsə də, o, kənddə qalır. Bu fakt bir daha Hüseyn Bozalqanlının bədahətən şeir deməsinin təsdiqi və Mirzə İbrahimovun aşığa verdiyi yüksək qiymətdir. Aşıq Hüseyn Bozalqanlı ilə ən çox yaxşı münasibətdə olan, onu sevən Səməd Vurğun olub. Səməd Vurğun onun bədahətən şeir deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırıb.
Aşıq Hüseyn Bozalqanlının əlimizdə lent yazısı yoxdur. Onun, hələ ki, yəni lent yazısına rast gəlməmişik. O, məclisdə, adətən, şeir deyər və şəyirdləri qarşısında dirijorluq edərdi. İfaları, deyilənə görə, gözəl olub və məlahətli səsə malik idi. Həmçinin şəyirdlərinin hansı ifanı daha gözəl oxuduğunu bilir və onları ifalara uyğun məclisdə oxutdururdu.
- Aşıq Hüseyn “Koroğlu” dastanının qollarını kimdən öyrənib?
- Aşıq Hüseyn savadlı olub, həmişə öyrənməyə çalışıb. Əvvəlki müsahibədə dediyimiz kimi, ilk dəfə məclislərə ustad aşıq Öysüzlü Səmədlə gedib. Sənətkar kimi ondan eşidib.
Digər tərəfdən, unutmayaq ki, “Koroğlu” dastanı Gəncə-Qazax zonasında, o cümlədən Borçalıda geniş yayılmışdı, el ağsaqqalları bu dastanın, hətta müəyyən variantlarını bilirdilər. Aşıq Hüseyn “Koroğlu” dastanını bu səviyyədə el ağsaqqallarından öyrənib.
- Aşıq Hüseyn Bozalqanlının aşıq havalarına, ifaçılıq sənətinə münasibəti, bəzən yersiz söhbətlər gedir, guya Aşıq Hüseyn Bozalqanlı aşıq havalarını yaxşı bilmirdi. Buna münasibətinizi bilmək istərdik.
- Belə fikirlər Aşıq Hüseyn Bozalqanlının yaradıcılığına dərindən bələd olmamaqdan irəli gəlir. Aşıq Hüseyn aşıq havalarını mükəmməl bilir, ifaçılıq sənətinə çox ciddi yanaşırdı.
Aşıq Hüseynin sevimli şəyirdlərindən olan və Koroğluxan aşıq kimi ad qazanmış aşıq Ələkbər Əsgərov öz xatirələrində danışır: “Aşıq Söyünə dörd il qulluq elədim. Dörd ildən sonra bir dəfə aşıq Söyün məni öz öyündə oxutdu. Mən oxuyub qurtarandan sonra o dedi:
- Sən artıq-əskik ölçürsən, düz oxumursan.
Bir aydan sonra mən gəlib bir də oxudum. Bu dəfə aşıq Söyün belə dedi:

- İndi sən çəkiynən satırsan. Daha sənin artıq-əskiyin çıxıb, gedib”.
Onun şəyirdləri aşıq havalarının təkmilləşdirilməsi və yeni aşıq havaları yaradılması sahəsində qiymətli işlər görmüşlər. Sarı Zülfüqarın “Zülfüqar dübeytisi”ni böyük şairimiz Səməd Vurğun çox sevirdi, Sarı Zülfüqarı çağırtdırıb dəfələrlə bu havanı dinləyib. Öz gözəl səsi ilə seçilən aşıq Mirzə Bayramovun öz havası, “Mirzə dübeytisi” var.
Aşıqların bülbülü adını qazanmış aşıq Əkbər Cəfərov “Cəngi dübeyti”, “Atüstü dübeyti” saz havalarını yaratmış, “Təxmis”, “Osmanlı divanisi”, “Aşıq təsnifləri”, “Sallama gəraylı”, “Heca dübeyti” və başqa havaları təkmilləşdirmiş, onlara yeni ruh vermişdir.
Aşıq havalarından Koroğlu havalarının ifası sahəsində Tovuz aşıq məktəbinin və məxsusi olaraq Aşıq Hüseynin şəyirdləri və şəyirdlərinin şəyirdləri təqdirəlayiq işlər görmüşlər. Çox geniş diapazonlu və gur səsi ilə seçilən Bozalqanlı Hüseynin sevimli şəyirdlərindən olan Dəmirçi Hüseynin (Səsli Hüseyn (mərhum şair Şəmşad Rzanın atası) adını xüsusilə qeyd etmək istərdim.
- Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folklorunun inkişafında mühüm rol oynayıb, bəs onun yaratdığı məktəb bu sahədə hansı işlər görüb?
- Şübhəsiz ki, Aşıq Hüseyn qüdrətli şair idi. Onun üçün bədahətən şeir qoşmaq adi iş idi. O, dərin mənalı şeirləri daha çox sevir, təcnisə daha çox üstünlük verirdi. Bu səbəbdən Tovuz aşıq məktəbində təcnis yaradıcılığı yüksək səviyyədə olub. Aşıq Hüseynin öz təcnisləri ilə yanaşı, Xəyyat Mirzənin, Şail Vəli Bozalqanlının, Əlimərdanlı Nəcəfin, bunlardan ilham alan sonrakı nəslin nümayəndələri Mülkülü Həsən, Əziz Məftun, Şair Fətəli, Azaflı Mikayıl, Yunis Oruclu, Məhərrəm Hüseynli və onlarla başqa Tovuz şairlərinin təcnisləri bu gün də sevilə-sevilə oxunmaqdadır.
Novatorluq baxımından Aşıq Hüseynin şəyirdinin şəyirdi Təcnis Xalıqverdini (Xalıqverdi Bozalqanlını) xüsusi vurğulamaq lazımdır. Təcnis Xalıqverdi indiyə qədər 124 təcnis forması yaratmış yeganə sənətkar kimi qalmaqdadır.
- Aşıq Hüseynin Şirvanlı Aşıq Mirzə Bilalla görüşü də oxucularımız üçün maraqlıdır. Bu haqda söhbət açardınız.
- Aşıq Hüseynlə Mirzə Bilalın ilk görüşü Aşıqların Birinci qurultayında olub. İlk tanışlıqdan onların arasında qarşılıqlı hörmət yaranıb. Adətən, sinədəftər şairlər bir-birinə şeirlə müraciət edirlər. Aşıq Hüseynlə Mirzə Bilal da bir-birinə səmimi münasibətini şeirlə ifadə ediblər (Seyfəddin Qəniyev, Şirvanlı Aşıq Mirzə Bilal. Bakı, Nurlan, 2003, səh.279-283). Bu tarixi görüş haqqında professor Qara Namazov yazıb.
Mirzə Bilal aşıq Hüseynə belə müraciət edir:
Sorağını alıb gəldim bu bəzmə,
Deyim mətləbimi, al, ay Hüseyn!
Səbəb nədir, bikef dəydin gözümə?
Danış, söhbət eylə, gül, ay Hüseyn!
Aşıq Hüseyn Mirzə Bilala belə cavab verir:
Bizdən salam olsun Aşıq Bilala,
Qoy salım boynuna, qol, Aşıq Bilal!
Bikef deyiləm, bir az yorğunam,
Məni əldən salıb yol, Aşıq Bilal!
Aşıq Hüseynin süfrəsi həmişə açıq olub, əsl dostu, dostluğu çox sevib. Dostluqda da etibarlı olub. Mirzə Bilalın səmimi münasibətinə cavab olaraq şeirləşmənin sonunda aşıq Hüseyn Mirzə Bilalı Tovuza dəvət edir:
Bir yanı Şəkidir, bir yanı Şirvan,
Adım Hüseyndir, yurdum Bozalqan.
Uzaqdır fitnədən, o qeyli-qaldan,
İstəsən o yana gəl, Aşıq Bilal!
Mirzə Bilal da öz növbəsində Aşıq Hüseyni öz yurduna dəvət edir:
Xudam verib sənə əqli-kəmalı,
Vətənim Qəşəddir, Şirvan mahalı.
Təşrif gətir, sevindir sən Bilalı,
Beş-on gün Şirvanda qal, ay Hüseyn!
Şeirlərin hər bir misrasında bir ustadın digər ustada qarşılıqlı məhəbbətinin şahidi oluruq. Biz şeirlərə diqqət yetirəndə gördük ki, Mirzə Bilalda beş, aşıq Hüseyndə dörd bənddir. Səbəbini bilmək üçün mərhum professor Qara Namazova müraciət etdik. Onun cavabı belə oldu: “Gəl universitetə, orada danışarıq”(Qara müəllim universitetdə dekan işləyirdi).
Doğrusu, onun cavabı məni qane etmədi, təbii ki, mən universitetə getmədim. Şübhə etmirəm ki, bu böyük sənətkarların heç biri tarazlığın belə pozulmasına razı olmazdı. Biz xatirənin kim tərəfindən verildiyini, mərhum professorun onu necə qələmə aldığını təfsilatı ilə bilmirik. Xatirənin belə yarımçıq qələmə alınması hər iki sənətkara hörmətsizlikdir. Bu səbəbdən də bu şeirləşmə Aşıq Hüseynin əsərlərinin birinci cildinə daxil edilmədi. Yeri gəlmişkən Şirvan əhlinə, ziyalılarına Aşıq Bilalı sevən, onun şəxsiyyətinə dərin hörmət bəsləyən bir ziyalı kimi müraciət edirəm. Bu görüş barəsində bilgisi olan varsa, bizə yazsın, biz bu görüşü çap olunacaq “Aşıq Hüseyn Bozalqanlı haqqında xatirələr“ kitabına daxil edək.
- Siz Aşıq Hüseyn Bozalqanlının ikicildlik seçilmış əsərlərini çap etdirmisiniz, bu barədə də məmumat verərdiniz.
- Aşıq Hüseyn Bozalqanlının əsərlərinin birinci cildi millət vəkili Qənirə Paşayeva, xeyriyyəçi Məhəmməd Mustafayevin dəstəyi ilə 2008-ci idə “Nurlan” nəşriyyatında çap olunub. Elmi redaktorlar, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçilər akademik Teymur Bünyadov, filologiya elmləri doktoru Vilayət Cəfər, mərhum şair Bağban Baba olub. Kitabın təqdimatı Qənirə xanım Paşayevanın dəstəyi ilə Musiqili Komediya teatrında keçirilib.
İkicildlik “Seçilmış əsərlər”in nəşri Azərbaycan Milli Elmlər Akademiyası Nizami adı¬na Ədə¬biy¬¬yat İnstitutu Elmi Şurasının 09.01.2015-ci il tarixli iclası¬nın (protokol №1) qərarı ilə çap olunur. Kitabın elmi redaktoru Əməkdar elm xadimi Məhərrəm Qasımlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədovadır. Birinci cildə şeirlər (yeni şeirlərdə əlavə olunub), ikinci cildə dastanlar, səfərlər daxil edilib.

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu,
AAB-nin üzvü

Xəbər 535 dəfə oxundu.