“Düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik”

İbrahim İsgəndərov
: “Fəxr edirəm ki, cəsur həmkarlarımla birgə müstəqil dövlətimizin səmasına mərd-mərdanə hakimlik edir və Vətənimizin asayişini sədaqətlə qoruyuruq”
Mənim uşaq yaşlarında ən böyük arzum pilot olmaq, daim seyr etdiyim səmada buludları yarıb keçən təyyarələri idarə etmək idi. Əslində, əksər oğlanların belə uşaqlıq arzusu, xəyalı olur və bu da təbii haldır. Amma bu elə bir arzudur, istəkdir ki, ona yalnız, bəlkə də, min yox, on mində bir adam nail olur. Bir də var hərbi pilot olmaq. Bax bu əsl şərəfli, həsəd aparılacaq bir peşədir...
Elə bu səbəbdən də müsahibimi məhz hərbi təyyarəçi seçdim. Həmişə mavi göylərdə aradığım hərbi təyyarəni yaxından görməsəm də, ilk dəfə idi ki, onu idarə edən pilotu yaxından görürdüm, hərbi təyyarəçi ilə ünsiyyətdə olurdum. Mayor İsgəndərov Babək İbrahim oğlu 1986-cı ildə Gəncədə hərbçi ailəsində anadan olub. Atası İbrahim İsgəndərov ordumuzun əsasını qoyan ilk motoatıcı briqadanın döyüşkən zabiti kimi Qarabağ uğrunda gedən ağır hərbi əməliyyatlarda iştirak edib. Atasının peşəsini davam etdirən müsahibim deyir ki, ata-anamın xeyir-duası və öyüd-nəsihəti ilə həyatını çox məsul və şərəfli sayılan hərbi təyyarəçi sənəti ilə bağlayıb və buna görə də peşman deyil. Adı öncüllər sırasında hallanan zabit təyyarəçimizlə olan maraqlı müsahibəni oxuculara təqdim edirik:
- Belə çətin, məsul, həddindən artıq incə bir peşənin sahibi kimi Vətənə xidmət etmək sizdə hansı fəxr hisləri oyadır?
- Hərbi pilot olmaq nə qədər çətin və təhlükəli hesab edilsə də, insana iftixar dolu bir müqəddəs ömür bəxş edir. Həqiqətən, hərbi pilot sənətinə yiyələnmək üçün gedilən yol asan yol deyil. Bu məqsədə yetişməkdən ötrü ürəyində baş qaldıran yurd qayəli arzular, ilk növbədə yalnız sevdiyin ideallar naminə addımlamaq cəsarəti verir. Lakin cəsarət arzuların gerçəkləşməsinin yarısı deməkdir. Hərbi pilot güclü fiziki taqət, sarsılmaz iradə, geniş bilik, tükənməz vətən sevgisi, sönməz yüksəklik həvəsi, çox riskli həyata sahiblik qüvvəsi, təhlükəli dünyanın bütün tələblərinə qarşı dözüm hesabına yetişir. Sözün açığı, bəzən sağlamlığımda yaranan narahatlıqlar, bəzən isə ilkin təcrübənin doğurduğu sınaq məqamları məni bir sıra çətinliklərlə qarşı-qarşıya qoymuşdu. Amma bütün ağır situasiyalarda vətən sevgisi hesabına hər cür çətinlikləri dəf etmişəm.
Yüz illərin hikməti bu gün də öz mənasını yaşatmaqdadır: “Biz Vətən üçün doğulmuşuq, Vətən üçün ölməliyik!” Kim bu həqiqəti inkar edə bilər?! Axı dədə-babalarımız bu torpaqda uyuyur, əzizlərimiz bu torpaqda yaşayırlar. Biz Vətənə çox borcluyuq. Hər bir vətənpərvər insan yaşadığı ana yurdunu qorumalı, onu daim ucaltmalı, layiqincə təmsil etməyi bacarmalı, xalqımızın dəyərli ənənələrini yaşatmalıdır. Vətənə sevgi vətənpərvərlikdən başlayır. Biz valideynlərimizə borclu olduğumuz kimi, Vətənə də borcluyuq. Vətən sevgisi insanın qanına hopan, ürəkləri titrədən, həyəcan gətirən bir qüvvədir. Vətəni sevmək böyük əxlaqi keyfiyyətlərə malik olmaq deməkdir. İnsan bu keyfiyyətlərə sahib olarsa, bu hislərlə köklənərsə və daim Vətən eşqinin varlığını öz içində duyarsa, özündə güc və əminlik yaranar, qəlbinə nur dolar. Vətən naminə yaşamaq, onun əvəzedilməzliyini qavramaq və bu müqəddəs hisləri aşılamaq ən ülvi yaşam tərzinə malik olmaq deməkdir. Vətən fədaisi olmaq əvəzedilməz məğrurluqdur. Mənə bu böyük qüdrəti verən Vətən məhəbbətidir. Vətən elə bir məkandır ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz Vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Varlığımız bu torpaqdan asılıdır. Mən fəxr edirəm ki, cəsur həmkarlarımla birgə müstəqil dövlətimizin səmasına mərd-mərdanə hakimlik edir və Vətənimizin asayişini sədaqətlə qoruyuruq.
- Vətənpərvərlik hislərinizi, həqiqətən də, səmimi və gözəl bir şəkildə büruzə verdiniz. Bəs həmkarlarınızın döyüş ruhu, döyüş hazırlığı, vətənpərvərlik hisləri haqqında nə deyərdiniz?
- Silahlı Qüvvələrimizin indiki inkişaf mərhələsində hərbi pilotlar xüsusi hörmətə layiqdirlər. Bu, səbəbsiz deyil. Çünki biz say etibarı ilə az olsaq da, aparılan hərbi əməliyyatlarda qələbənin təminatı istiqamətində hərbi təyyarələrimiz mühüm həlledici qüvvə kimi çıxış edir. Yüksək cavabdehlik hissi ilə yaxşı dərk edirik ki, Silahlı Qüvvələrimizin çox mühüm bir sahəsində xidmət göstəririk. Müharibə şəraitində olan bir ölkə üçün hərbi aviasiya həddindən ziyadə cavabdehlik tələb olunan bir sahədir. Keçmiş müharibə tariximiz sübut edir ki, hərbi pilotların döyüş qabiliyyəti çox əhəmiyyətli məsələ kimi daim komandanlığın gündəmində saxlanılır. Hətta o dərəcədə mühümləşir ki, bu vacib məsələ döyüş hazırlığı müstəvisində diqqətin əsas mərkəzi hissəsinə çevrilir. Bunun obyektiv səbəbləri mövcuddur. Çünki hərbi aviasiyanın davamlı inkişafı, yaxud sabit qənaətləndirici durumu təkcə birlik, birləşmə, hərbi hissə və bölmələrin, habelə xidmət sahələrinin döyüş qabiliyyətinin birbaşa göstəricisi yox, həm də ordunun hərbi əməliyyat meydanında qalib gəlmək iqtidarının mühüm himayə qüvvəsidir. Elə bu səbəbdəndir ki, ordunun döyüş qabiliyyətinin gücləndirilməsini və bu istiqamətdə nəzərdə tutulan digər təminat məsələlərinin həllini öz fəaliyyətində bir nömrəli prioritet hesab edən hərbi komandanlıq, ilk növbədə hərbi aviasiyaya ciddi fikir verir və onu daim diqqət mərkəzində saxlayır.
Hərbi pilotlarımızın döyüş hazırlığı bu gün çox yüksək səviyyədədir. Biz yaxşı anlayırıq ki, hər birimizin arxasında böyük Azərbaycan ölkəsi və ulu babalarımızdan əmanət qalan müqəddəs Vətən torpağı durur. Söz yox ki, ümumi qələbəmiz hər birimizin nümunəvi xidməti fəaliyyətindən, igidlik və qəhrəmanlığından, yurdumuzun ərazi bütövlüyü naminə fədakarlığından asılıdır. Xalqımız bizə ürəkdən əmin ola bilər. Biz qəti qələbə döyüşünə tam hazırıq! Çünki bu gün Silahlı Qüvvələrimiz həm öz döyüş qabiliyyətinə, həm də maddi-texniki bazasına görə Ermənistan ordusundan çox güclüdür və haqlı olaraq Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu sayılır. Uğurlu Aprel döyüşləri gerçək üstünlüyümüzü real olaraq təsdiqlədi.
- Bəs Azərbaycanda hərbi təhsilin hansı perspektivləri var?
- Hərbi təhsil – sistemli və yüksək intizam tələb edən bir təhsildir. Nisbətən azad və sərbəst həyat şəraitindən orduya gələn şəxs üçün “ciddi intizam” sözünün özü narahatçılıq yarada bilər. Təhsilin hər bir mərhələsi kursanta yeni təəssüratlar gətirir. O, tədricən şəraitə uyğunlaşır və inkişaf edir. Müasir təfəkkürlü və rəqabətqabliyyətli hərbi kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək müasir ali hərbi təhsilin əsas məqsədi sayılır. Bu gün Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hərbi pilotlarımızı yetişdirə bilən hərbi təhsil sisteminin möhkəm bünövrəsi mövcuddur. İlbəil yeni uğurlara imza atılır. Türkiyə hərbi təyyarəçiləri ilə birgə əməkdaşlığımız maddi və mənəvi dayaqlarımızı daha da gücləndirib.
Prezident tərəfindən 2013-cü il oktyabrın 24-də təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda keyfiyyət nəticələrinə və əhatəliliyinə görə aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil işçilərinə, qabaqcıl texnologiyalara malik olan hərbi təhsilimizin perspektivində beş prioritet istiqamət müəyyənləşdirilib. Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin formalaşdırılması ilə bağlıdır. Bu, bütün pillələr üzrə hərbi təhsilin inkişafı kimi vacib hədəfi əhatə edir. İkinci strateji istiqamət hərbi təhsil sahəsinin müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, hərbi təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli hərbi təhsil ocağının təşkil edilməsinə xidmət göstərir. Üçüncü strateji istiqamət hərbi təhsil obyektlərində əldə edilən nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını önə çəkir. Bu istiqamət hərbi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, hərbi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi zəruri məqsədləri əhatə edir. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun olaraq ömür boyu təhsili təmin edən zəruri infrastrukturun yaradılmasından ibarətdir. Beşinci strateji istiqamət iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun surətdə hərbi təhsil sisteminin maliyyələşdirilmə modelinin qurulması ilə bağlıdır.
- Hərbi pilot olmaq istəyənlərə hansı tövsiyələriniz olardı?
- Kim hərbi pilot olmaq arzusuna düşübsə, demək, o, əsl hünər sahibidir. Lakin heç kim belə anlamasın ki, arzulamaqla niyyətinə çata bilər. Bu barədə səhv düşünənlər vaxtında geri çəkilməzsə, mənəvi acılara düçar ola bilər. Hər şeydən əvvəl, yüksək mənəvi-psixoloji dəyərlərə, üstünlüklərə malik olmalısan. Peşəkar hərbi pilot zirvəsinə ucalmaq üçün çox çalışmaq, çox əziyyətlərə qatlaşmaq lazım gəlir. Dərin savad olmadan hərbi pilot olmaq qeyri-mümkündür. Əsas odur ki, qısa zaman kəsiyində vətənpərvərlik ab-havası sənin içinə dolur, hərbçilikdən doğan qürur hissi sənin bütün varlığını riqqətə gətirir, təmsil etdiyin xalqın, milli dövlətçiliyin şərəfini qorumaqdan xüsusi zövq alırsan və tədricən ülvi cəsarət hisləri sayəsində məsul təyyarəçi vərdişlərinə sahib olursan. Vətən borcu, Vətən sevgisi hər pilotun səmaya hakim kəsilən ürəyində və buludları mərd-mərdanə yaran gözlərinin nurunda olmalıdır. Çünki ulu babalarımızdan bizə yadigar qalan torpaqları qorumaq, ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur. Tutduğumuz vəzifədən asılı olmayaraq Vətənin qədrini bilməli, ona sədaqətlə xidmət etməli, milli bayrağımızı uca tutmalı və düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik.
Mən müsahibimdən, sözün həqiqi mənasında, müsbət enerji aldım, ordu sıralarında peşəkarların, dərin savada, yüksək mədəniyyətə və mənəvi keyfiyyətlərə malik vətənpərvərlər gənclərin xidmət etdiklərinə bir daha əmin oldum. Tükənməyən bir proses olan ordu quruculuğunda belə savadlı, vətənpərvər zabitlərimizdən səmərəli istifadə olunması isə yalnız ordumuzun güclənməsinə xidmət edər. Müsahibəni isə xoş təəssüratlarla ayrıldığım bu görüşdəki gənc zabitimizin son, dəyərli fikri ilə tamamlayıram:“Siz qələm əhli də mediada “söz əsgər”lərisiz, bax, beləcə, hərə Vətənə bir cür xidmət edir!”.
Tural Tağıyev
“Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”








Xəbər 827 dəfə oxundu.