MOİK güləşçiləri Moskvada keçirilən Dünya Çempionatında
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 20-dək Moskvada keçirilən hərbçilər arasında sərbəst və yunan-Roma güləşi üzrə 33-cü Dünya Çempionatında iştirak edir. Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılıb. Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilər arasında Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilərin XXX Dünya Çempionatının qızıl medalçısı, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin dördqat qalibi, hərbçilərin II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov hazırlayıblar. Həmçinin Mərkəzi Ordu İdman Klubunun komandasının tərkibində üç qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparacaq. Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edirlər. Həmçinin komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də Moskvaya yola düşüblər.

Xəbər 90 dəfə oxundu.