Mingəçevirdə “Sevdiyim” layihəsinin təqdimatı olub
Mingəçevir şəhərindəki “ASAN həyat” kompleksində ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunan “Sevdiyim” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə “ASAN Radio”nun direktoru Emin Musəvi layihə haqqında danışıb. Bildirib ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.
Layihə çərçivəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Şeir üçrəngli Azərbaycan bayrağına həsr olunub. Musiqi əsərinin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.
Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Qeyd edib ki, bu günlərdə dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd ediblər. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışan N.Bayramov bildirib ki, Heydər Əliyev Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas edib. Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edib. Əməkdar Artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşüb.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Xəbər 72 dəfə oxundu.