“Rumıniya vətəndaşı olsam da, Vətəni unuda bilmərəm”
Kamran Allahverdiyev: “Baxmayaraq ki, gənc ölkəyik, bizim dövlətçilik ənənələrimiz, zəngin tariximiz var”

Ötən il mayın 16-da Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzaladı ki, buna uyğun olaraq da bu il AXC-nin yubileyi bütün sferalarda yüksək səviyyədə qeyd edilir. Ən çox diqqətçəkən məqamlardan biri isə xaricdə bununla bağlı tədbirlərin keçirilməsidir. Buna misal olaraq bir neçə gün öncə Azərbaycanın Rumıniyadakı səfirliyinin paytaxt Buxarestdə yerləşən “Diplomatik Klub”da 28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil etməsini göstərmək olar. Tədbirə Rumıniyada yaşayan və ictimai, siyasi işlərdə fəal olan azərbaycanlı gənc Kamran Allahverdiyev də qatılmışdı. Qeyd edək ki, Kamran Allahverdiyev Rumıniya Milli Liberal Partiyasının aktiv üzvlərindəndir. Kamranla tədbir və digər məsələlərlə bağlı söhbət apardıq:
- Fəaliyyətinizi izləyəndə bəlli olur ki, Rumıniyada ictimai-siyasi işlərdə aktivlik göstərirsiniz, hətta dəfələrlə bu ölkənin yüksək rütbəli məmurları ilə də görüşmüsünüz. Gənc yaşlarınızdan buna necə nail oldunuz?
- Bəli, dəfələrlə olub ki, sosial xarakterli, eləcə də siyasi toplantılara qatılmışam, hətta bu ölkədə təşkil olunan yürüşlərdə, dövlət məmurlarının, nazirlərin də iştirak etdiyi aksiyalarda iştirak etmişəm və bu, əslində, mənim üçün bir haldır. Gənc yaşlarımda belə fəallığın, uğurun mənim üçün elə bir qeyri-adiliyi yoxdur. Sadəcə olaraq, mən çoxdan burada yaşayıram və ötən il də Rumıniya vətəndaşlığı aldım. Vətənimiz adına da çalışıram maksimum işlər görəm. Çünki Rumıniya vətəndaşı olsam da, Vətəni unuda bilmərəm.
- Rumıniyadakı səfirliyimizin təşkil etdiyi tədbir haqqında nələri deyə bilərsiniz?
- Tədbirin yükü ağır idi. Çünki həm AXC ilə bağlı ölkə başçısı ötən ildən müvafiq sərəncam vermişdi, həm də bu bizim ən şanlı tariximizdir. Bu mənada səfirliyimizin keçirdiyi bu tədbirdə iştirak etmək böyük şərəf idi. Tədbirdə Rumıniyanın ədliyyə naziri Tudorel Toader, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor Dobre, Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, Parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar, ümumilikdə 500-dək qonaq iştirak etdi. Yəni kifayət qədər uğurlu bir tədbir alındı desəm, yanılmaram.
- Belə tədbirlərdə təmasda olduğunuzu siyasət adamları ilə daha çox hansı mövzularda söhbətlər aparırsınız?
- Təbii ki, Azərbaycanın iqtisadi gücü və ən əsası Qarabağ problemi barədə. Düzdür, diplomatlar, nazirlər bu problem barədə yaxşı məlumatlıdırlar, amma hər dəfə tədbirlərdə onlarla söhbət edəndə xatırlatma kimi yada salıram ki, Azərbaycan Rumıniyaya dəyər verir, burada iqtisadi yatırımlarla gücünüzə güc qatır, siz də mənim doğulduğum ölkənin gücünə güc qatmaq istəyirsinizsə, beynəlxalq tədbirlərdə, təşkilatlarda daim bizim haqq səsimizi ucaltmağa dəstək olun.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da bu istiqamətdə ciddi təbliğatlar aparır. Elə təşkil olunan bu sonuncu tədbirdə də Azərbaycanla bağlı dolğun çıxışlar etdi.
O, ölkəmizin bu gün də zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirdiyini, uğurlu iqtisadi siyasətdən, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik islahatçı və tolerant ölkə kimi tanınmasından danışdı. Təbii ki, Rumıniyada da bütün bunları gözəl anlayırlar, Azərbaycanı yaxından izləyirlər.
- AXC-nin yubiley tədbirindən hansı təəssüratlarla ayrıldınız?
- Biz tariximizi doğru-düzgün Avropaya çatdırsaq, inanın ki, orada bizə qibtə edərlər. Mən, bəzən başqa ölkələrdə olanda çox təəssüflənirəm ki, orada islamofobiya ilə rastlaşıram, müsəlman ölkələrindən, Şərqdən olan miqrantlara qarşı fərqli münasibət görəndə çaşıb qalıram. Axı Şərq böyük mədəniyyətin beşiyidir, hətta, deyərdim, ilk demokratik dəyərlərin, insan haqlarının əksər hissələrinin yarandığı yerdir. Eləcə də ölkəmiz ola. Biz 90-cı illərdə yenidən müstəqil olan bir gənc ölkəyik. Baxmayaraq ki, gənc ölkəyik, bizim dövlətçilik ənənələrimiz, demokratiya, insan haqları haqqında danışmalı olduğumuz zəngin tariximiz var. Ona görə də belə tədbirlərdə danışmalı olduğumuz çox mövzular var. Heydər Əliyevin müstəqil ölkəmizi odun-alovun içindən necə çıxarmasını da tez-tez xaricdə dünya ictimaiyyətinə çatdırmalıyıq. Qoy unutmasınlar ki, biz necə bir çətin regionda formalaşmış, ağır günlər görmüş bir dövlətik.
- Azərbaycan Rumıniya münasibətlərini necə xarakterizə edərdiniz?
- Bu gün, doğrudan da, Azərbaycanın yanında olan, onun iqtisadi qüdrətindən bəhrələnən bir neçə ölkə varsa, bunlardan biri də Rumıniyadır. Bildiyiniz kimi, Azərbaycan son illərdə artıq Avropa ölkələrində yatırımlarını çoxaldan ölkə kimi də tanınmağa başladı. Gürcüstan, Türkiyə, digər ölkələrdə olduğu kimi, Rumıniyada da bəzi iqtisadi layihələr həyata keçirdik, SOCAR ən çox bu işlərdə fəallıq göstərdi. Eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi bir sıra xeyriyyə, yardım aksiyaları ola. Ümumiyyətlə, Azərbaycan və Rumıniya arasında bu il diplomatik əlaqələrin qurulmasının 26 illiyi qeyd olunur. Rumıniya həm də ona görə Azərbaycan üçün əhəmiyyətli dost ölkədir ki, bu dövlət 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olmuşuq desəm, yanılmaram. Bildiyimə görə 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 335 milyon ABŞ dollarına çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti vasitəsilə Rumıniyaya yatırılmış sərmayələri də xüsusi qeyd etmək lazımdır. Rumıniya bu gün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyini göstərir. Bunu da Azərbaycan yüksək qiymətləndirir.
- Təkcə rumınlara yox, yəqin ki, orada yaşayan digər xalqlara da ölkəmizlə bağlı həqiqətləri çatdırırsınız?
- Əlbəttə. Düşünürəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı belə addım atmalıdır. Fərqi yoxdur, sən artıq Almaniya vətəndaşısan, ya başqa ölkənin. Öz Vətənini unutmamalısan. Mən elə bu son qatıldığım tədbirdə təmasda olduğumu səfirlər və digər yüksək rütbəli məmurlara, diplomatlara da qısa olsa, Vətənimiz haqqında dedim ki, mən elə bir ölkədə böyümüşəm ki, oranın bu gün qatıldığınız tədbirdə söz açılan şərəfli tarixi var. Məhz 100 il əvvəl 28 mayda Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edən demokratik respublika elan etdiyimizi deyərək həmin dövrdə Avropanın aparıcı ölkələrində heç qadınlara seçki hüququnun verilmədiyini xatırlatdım. İş adamları ilə də təmaslarda oldum. Sizə də həmin adamlarla olan fotolardan bir qismini təqdim edərəm, işıqlandırarsınız. Çünki burada mətbuat izlənilir. Onlara ölkəmizdəki sahibkarlara, sərmayə yatıran əcnəbi iş adamlarına yaradılan əlverişli şərait haqqında danışdım. Tədbirdə dialoq qurduğum Türkiyənin Rumıniyadakı səfiri isə dedi ki, sənin kimi fəal gənclə biz türklər, şəxsən mən qürur duyuruq! Bütün bunları eşitməkdən gözəl nə ola bilərdi?
Tural Tağıyev

Xəbər 1138 dəfə oxundu.