Keyfiyyətsiz qənnadı məhsulları sağlamlığınız üçün ciddi təhlükədir
Qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Heç şübhəsiz ki, respublikamızın dinamik inkişafı qənnadı sənayesinin də inkişafına təkan vermiş və yeni texnologiyaların tətbiqi ilə bu sahədə yüksək keyfiyyətli məhsullar istehsal olunmaqdadır.
Qənnadı məmulatlarında istehsal qüsuru olmasa belə, qeyri-qənaətbəxş daşınma və saxlama nəticəsində korlana və ya keyfiyyətini itirə bilər. Ona görə də bu yazıda qənnadı məmulatlarının qablaşdırılması, markalanması, daşınması, saxlanması, istehlakı zamanı fikir verilməsi zəruri olan bəzi məsələlər barədə məlumat verəcəyik.
Qənnadı məmulatları yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənirlər. İstehsalında əsas xammal kimi un, şəkər, yağ, yumurta, süd və süd məhsulları, müxtəlif ədviyyatlar, rəng və ətirverici maddələrdən və s. istifadə olunur.
Qənnadı məmulatları iki qrupa - unlu və şəkərli qənnadı məmulatlarına bölünür və hər birinin də çoxsaylı növləri vardır. Unlu qənnadı məmulatlarına peçenyelər, pryanik, vafli, tort, pirojna, keks və s. aiddir. Şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə və s. aiddir.
Bu məmulatlar xüsusi resept və təsdiq edilmiş texnoloji təlimatlar əsasında hazırlanır. Hazırlanmış hər bir növ qənnadı məmulatı dövlət standartlarının, texniki şərtlərin tələblərinə tam cavab verməli, ticarət şəbəkəsində mənşəyini, təhlükəsizliyini, saxlama şəraitini və saxlama müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır.
Qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta və karton yeşiklərə, qutu və sellofan paketlərə, çəki ilə satılanları isə korton qutulara və sellofan kisələrə qablaşdırırlar. Qablaşdırılmayan məhsullar haqqında informasiya isə ticarət zalında məlumat vərəqində göstərilməlidir. Qənnadı məhsulları qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar.
Realizə zamanı unlu qənnadı məmulatlarından olan və keyfiyyət göstəriciləri standartın tələblərinə cavab verən tort və pirojnaların forması düzgün, zədəsiz olmalı, dadı və iyi çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməlidir.
Şəkərli qənnadı məmulatları mürəbbə, cem və povidlo və s. şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Hər bir istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan qənnadı məmulatlarının satışı qadağandır.
Tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcəyə qədər temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan məhsullarla bir yerdə daşınması və saxlanması qadağandır. Qənnadı məmulatlarının saxlama müddəti texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilir.
Unlu qənnadı məmulatları mütləq soyuducuda, əsasən 18C-dən aşagı temperaturda və 65-75% nisbi rütubətdə saxlanmalıdır. Bu rejimlərə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və pirojnalar 3 saatdan 1 aya qədər, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay, romlu kökələr 2 gün saxlanıla bilər. Şəkərli qənnadı məmulatları isə növ və çeşidindən asılı olaraq 10-20C-də saxlanılmalıdır. Belə ki, mürəbbə və cem pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 aya qədər, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 aya qədər, hermetik qablarda 12-18 ay saxlanıla bilər.
Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir. Standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı istehsalçının təqdim etdiyi informasiya şübhə yaradan, saxlama müddəti göstərilməyən və ya başa çatan, markalanmayan qənnadı məhsulları almaqdan çəkinmək lazımdır.
Nəzərə alın ki, istehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş məhsullar sizin sağlamlığınız üçün ciddi təhlükə mənbəyidir. Keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı, gələcək nəsillərin sağlam yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlar yarada bilir.
Eyni zamanda qablaşdırılmamış qənnadı məhsulları satan ticarət obyektləri kəsmək və çəkmək üçün xüsusi avadanlıqlara, ticarət inventarlarına malik olmalıdır. Təəssüflər olsun ki, əksər hallarda sadalanan bu tələblərə əməl olunmur və qənnadı məhsullarının satışında istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq monitorinq və yoxlamalar həyata keçirilir, mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Belə ki, təkcə 2010-cu il ərzində Dövlət Xidməti tərəfindən 246,1 ton şəkər, bal, şəkərli və qənnadı məmulatları (bal, şəkər tozu, biskivit, vafli, tort, halva və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 79,9 tonu müvafiq qaydada məhv edilmiş, 134,6 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmış, 31,6 tonu ilə bağlı isə araşdırma aparılır. İstehlakçı olaraq ticarət şəbəkəsində keyfiyyətsiz qənnadı məmulatları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edin (əlaqə telefonu: 498-15-01/04). Əmin olun ki, müraciətləriniz mövcud qanunvericilik çərçivəsində araşdırılacaq və istehlakçı hüquqlarınız təmin olunacaq.
Təqdim etdi: İlkin AĞAYEV

Xəbər 613 dəfə oxundu.