“Turistlərimiz yeni, daha ekzotik istiqamətlər istəyir”
“Alison Travel” turizm şirkətinin rəhbəri Nizami Mehdiyev: “Turizm infrastrukturu nəinki Bakıda, həmçinin regionlarımızda inkişaf etdirilməlidir”

Müsahibimiz “Alison Travel” turizm şirkətinin rəhbəri Nizami Mehdiyevdir. Nizami müəllimlə turizmdə baş verən proseslər, həmçinin yeniliklər və digər maraqlı məsələlərdən söhbət açdıq. N.Mehdiyev öncə bizə rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verməklə söhbətə başladı:
- Öncə şirkətinizin fəaliyyəti barədə məlumat verərdiniz.
- “Alison Travel” şirkəti gəlmə (incoming), getmə (outgoing) və tibbi turizm (medical tourism) istiqamətlərində fəaliyyət göstərən universal turizm şirkətidir. Azərbaycan və Gürcüstan ofislərində müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməyimizdən çox şadıq. Turizm sahəsində kifayət qədər böyük təcrübəyə malik komandamızın üzvləri dəyərli müştərilərimizin turizm üzrə bütün istəklərini yerinə yetirməyə hazırdır.
- Azərbaycan turistləri daha çox hansı istiqamətlərdə səyahət etməyə üstünlük verir?
- Uzun illərdir formalaşan ənənəvi məşhur turizm istiqamətləri mövcuddur. Bunlar ilk növbədə əlbəttə ki, Türkiyə, Dubai, Gürcüstan, Rusiya və sair istiqamətlərdir. Bu, əlbəttə ki, kifayət qədər məntiqlidir, çünki belə seçimlərin edilməsində müəyyən səbəblər vardır – coğrafi, mədəni yaxınlıq, dil baryerinin olmaması və sair. Ancaq son illər yeni tendensiya yaranmağa başlayıb, belə ki, turistlərimiz yeni, daha ekzotik istiqamətlər istəyir. Bununla əlaqədar, şirkətimiz bu istəkləri nəzərə almaqla Cənub-Şərqi Asiya ölkələrinə, Mərkəzi və Cənubi Amerika istiqamətində, Avropanın müxtəlif şəhərlərinə xüsusi turlar təklif edir.
Bundan əlavə müştərilərimizin ödəmə imkanlarını yüksəltmək üçün onlara xüsusi kreditlə turlar və səyahət məhsullarını təklif edirik. Qeyd etdiyimiz proses çox asan şərtlərə malik olmaqla yanaşı, həmçin cəmi 15 dəqiqə zaman ərzində rəsmiləşdirilir və səyahət krediti müştəriyə təqdim edilir.
-Turizmlə bağlı Azərbaycanda gedən prosesleri necə qiymətləndirirsiniz?
-Bildiyimiz kimi, son bir neçə ildə Azərbaycanda turizm bumunun yaşandığının şahidiyik. Ölkəmizdə bu istiqamətdə kifayət qədər müsbət addımlar atılmaqdadır və bunun tam gücü ilə davam etdiriləcəyinə ümid edirik. Təbii ki, belə bir situasiyada qısa zaman ərzidə bir çox vacib görüləsi işlər vardır. Turizm ölkəsi olmamız üçün turizm infrastrukturu nəinki Bakıda, həmçinin regionlarımızda inkişaf etdirilməlidir. Otellər və turizm şirkətləri arasında kommunikasiya yüksək səviyyəyə çatdırılmalıdır.
-İnfo-turlar və turizm sərgilərində iştirak turizm sahəsində hansı faydalar qazandırır?
-İnfo tur və sərgilər dünyada baş verən turizm yenilikləri haqqında məlumat əldə edilməsi üçün əlverişli platformadır. Bundan əlavə dəyərli müştərilərimizə yüksək xidmət göstərməmiz üçün daha öncədən onları istirahət üçün göndərəcəyimiz məkanları özümüz ilkin olaraq testdən keçiriririk. Turizm sərgilərində iştirakımızın ən önəmli məqsədi Azərbaycanımızı təmsil etmək, potensial xarici qonaqlara ölkəmizi tanıdaraq, onları cəlb etməkdir. Bununla əlaqədar olaraq şirkətimiz il ərzində keçirilmiş bütün mötəbər turizm sərgilərində iştirak edir, ölkəmizin xarici turistlərə təqdim edilməsində öz töhfəsini verir. Təbii ki bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik və Azərbaycanın gözəl turizm ölkəsi olmasını potensial turistlərə təqdim edəcəyik.
-İştirak etdiyiniz info-tur və sərgilər barədə daha nə deyə bilərsiniz?
- Qeyd etdiyimiz kimi, bütün sərgi və info-turlarda məqsəd, yalnız müştərilərimizə ən yüksək xidmətin göstərməkdir. Bunun üçün biz xüsusi olaraq mövsüm öncəsi müştərilərimizin daha çox maraqlandığı istiqamətləri nəzərə alaraq, ona uyğun sərgi və info-turların planlamasını həyata keçiririk. Öncə özümüz həmin məkanları, otelləri və digər istirahət yerlərinin inspeksiyasını həyata keçirib daha sonra müştərilərimizə təklif edirik. Bununla da əvvəlcədən müştərilərimiz üçün ən yaxşı yerləri müəyyən edərək, onların məmnun qalmasını təmin edirik.
Ağasəf Babayev


Xəbər 265 dəfə oxundu.