Kikboksinq üzrə Xocalı kuboku yarışları keçirilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, “Xocalı” idman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Xocalı kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” şüarı ilə keçirilən yarışda 20 komandanın tərkibində 200-ə yaxın kadet, yeniyetmə və gənc mübarizə aparıb.
Tədbir haqqında məlumat verən “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov klubda onlarla respublika və Avropa çempionunun olduğunu deyib. “Onların gələcəklərinə böyük ümid bəsləyirik. İnanıram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasının bir hissəsinə çevrilərək səsimizi dünyaya çatdıracağıq. Prezident İlham Əliyevin beynəlxalq miqyasda apardığı uğurlu siyasətə idmançılar olaraq dəstək verməyi özümüzə borc bilir, bu yolda qətiyyətlə addımlayırıq. “Xocalı” idman klubu yarandığı gündən etibarən Xocalıdan olan uşaqların sağlam ruhda böyümələri üçün var gücü ilə çalışır”, - deyə o əlavə edib.
Klubun vitse-prezidenti Tural Alışanlı isə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib və hamını “Xocalıya ədalət!” deməyə səsləyib.
Dünya və Avropa çempionu, məşqçi Emil Hacıyev söyləyib ki, belə yarışların keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, onları sağlamlığa dəvət edir. İdman sağlamlıqdır, sağlamlıq olan yerdə isə parlaq gələcək olar.
Qeyd edək ki, yarışın fəxri kubokunu Xocalı kikboksçuları qazanıblar.
Mahmud

Xəbər 147 dəfə oxundu.