Gülhanə Tibb Akademiyasına qəbulu qaçırmayın
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
 
Müsabiqə əsasında 36 (otuz altı) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə  təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 namizədin Gülhanə Tibb Fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.
 
Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
 
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.


Nigar

Xəbər 189 dəfə oxundu.