İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər. Elmar Məmmədyarov İtaliya Prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd edib. O, İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, rəsmi Romanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxunub. E.Məmmədyarov dünya ictimaiyyətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, ikitərəfli əlaqələrlə yanaşı, İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini də dəstəklədiyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 147 dəfə oxundu.