“Türkiyə öz sərhədlərini  gücləndirməli və ölkədəki radikal qrupları sıx nəzarət altına almalıdır”
Türkiyənin tanınmış hərbi strateqi, istefada olan general-leytenant, ”Yeniçağ” qəzetinin köşə yazarı Armağan Kuloğlunun APA-ya müsahibəsi
 
- Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri  və Baş Qərargah rəisi Tel-Əvivdə İsrail baş naziri ilə görüşdülər. İsrail İranın Suriyadan tamamilə çıxmasını tələb edir. İran bölgədən tamamilə çəkiləcəkmi?
 
- İsrail bölgədə İranı özünə ən böyük təhdid kimi  görür, ona görə  əvvəlcə öz sərhədləri yaxınlığında olan İranın oradan 70-80 kilometr geri çəkilməsini tələb etdi. Daha sonra  Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşən baş nazir Netanyahu İranın bölgədən tamamilə çəkilməsinə Kremlin də kömək edə biləcəyini bildirərək Putinə təşəkkür etdi. Bunun əvəzinə Putin Netanyahudan Suriya dövlət başçısı Əsədin legitimliyini tanımasını istəmiş, nə qədər qəribə olsa da Netanyahu “Əsədlə bir problemimiz yoxdur” demişdi. Hal-hazırda bölgədə İranın sıxışdırılması prosesi gedir, İran embarqolarla təhdid edilir. Bunun qarşılığında isə İran onu sıxışdırmaq istəyən bütün qüvvələrə lazımi cavabı verəcəyini bildirir. İrana tətbiq edilməsi gözlənilən embarqolarla bağlı məsələdə Türkiyə sadəcə BMT Təhlükəsizlik Şurasının  qərarlarına riayət edəcəyini vurğulayır. İsrail bölgədə “at oynadan” bir dövlət halına gəlib. Fələstində cərəyan edən proseslər bunu göstərir. Böyük ölçüdə İsrailin bölgədəki fəaliyyətlərindən irəli gələn və ABŞ tərəfindən qeyd-şərtsiz dəstəklənən bu gərginlik haraya qədər gedəcək, bölgəni hansı macəralara sürükləyəcək? Yaxın gələcəkdə bu siyasətin bir çox neqativ nəticələrini görə biləcəyik.
 
- Türkiyənin 2016-cı ilin avqustunda və 2018-ci ilin yanvar-mart aylarında Suriya torpaqlarında həyata keçirdiyi  “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarından sonra  PYD/YPG terror təşkilatı önəmli dərəcədə bölgədən çıxarılmışdı. Son günlərdə isə Bəşər Əsədin PYD/YPG terror təşkilatı ilə əlaqə yaradıb, onlarla əməkdaşlıq etmə niyyətində olduğuna dair xəbərlər çıxır. Bunu necə dəyərləndirirsiniz?
 
- Əsədin əsas məqsədi həm Suriyanın ərazi bütövlüyünə nail olmaq, həm də özünü xilas etmək və mövqeyini gücləndirməkdir. Bunun üçün PYD/YPG ilə əməkdaşlıq etməsi Əsədin nöqteyi-nəzərindən normalıdır. Türkiyə iki uğurlu hərbi əməliyyatla PYD/YPG terror təşkilatını bölgədən uzaqlaşdırsa da, xüsusilə ABŞ-ın dəstəyi ilə o terror təşkilatı Fərat çayının şərq sahilində özünə kantonlar quraraq daimi hala gəlməyə, belə demək mümkünsə, ”sümükləşməyə” çalışır. Rusiya bölgədə öz təsir gücünü qorumağa çalışarkən ABŞ orada PYD/YPG-yə dəstəyi özünün daimi düşməni olan “Əl-Kaidə” terror təşkilatına qarşı savaşdığına görə verir. Əlbəttə, Əsədin atdığı addımı ağıllı hesab edə bilmərik. Çünki istənilən terror təşkilatı ilə əməkdaşlıq etmək heç bir ölkəni və lideri xilas etməz. Bilirik ki, Türkiyənin Suriya torpaqlarındakı hərbi əməliyyatları daha əvvəl terrorçuların  nəzarətində olan Cerablus, əl-Bab, Afrin kimi bölgələrdə sabitlik yaranmasına səbəb oldu. İndi isə Əsəd PYD/YPG terror təşkilatının rəğbətini qazanmaq üçün onlarla bölgədə əməkdaşlıq etməyi planlaşdırır. Görünür, Əsəd o qüvvələrə gələcəkdə muxtariyyət vədi verəcək. Belə bir halda isə Suriyanın Türkiyə ilə münasibətlərinin daha da gərginləşəcəyini indidən proqnozlaşdıra bilərik.
 
- Uzun müddətdən bəri Rusiyanın dəstəyi ilə Suriya hərbi qüvvələrinin İdlibdəki terrorçu qrupları təmizləmək üçün orada hərbi əməliyyat keçirəcəyi yazılmaqdadır. Son günlərdə isə əməliyyat hazırlıqlarının başa çatdığına dair xəbərlər gəlir. Türkiyənin buna reaksiyası nə şəkildə olacaq?
 

- Hazırda İdlib məsələsi ortada qalmış bir problemdir. Bilirsiniz ki, Astana prosesində Türkiyə orada özünün nəzarət məntəqələrini yaratdı. Söz verməsinə baxmayaraq, Rusiya orada özünün nəzarət məntəqələrini qurmadı. İdlibin əhalisi çox artıb, problem yaşayan hər kəs indi özünü oraya atır. Durum heç də xoşagələn deyil. İdlibə qarşı əməliyyat hazırlayan Rusiyanın orada diqqətli hərəkət etdiyini deyə bilmərəm. ABŞ da o bölgədə cərəyan edən hadisələrə qarşı reaksiya vermir, çünki İdlibdə “əl-Kaidə” terror təşkilatına bağlı olan xeyli qrup var və onların təmizlənməsi ABŞ-ın da arzusudur. Suriyadövlət qüvvələrinin Rusiyanın dəstəyi ilə İdlibə hava hücumu təşkil etməsi halında xeyli insan oranı tərk etmək məcburiyyətində qalacaq. Onların önəmli qismi Türkiyəyə gələ bilər. Ona görə, Türkiyə orada həm problemin hərbi əməliyyatlar olmadan həll edilməsinə çalışmalı, əgər bu variant baş tutmasa, oradan Türkiyəyə gələ biləcək qaçqınların qarşısını almalıdır. Çünki Suriyadan gələn 3,5 milyon qaçqına İdlibdən 500 min qaçqın da əlavə olunarsa, bu, Türkiyənin işini olduqca çətinləşdrəcək.
 
- Bəs  Rusiyanın təkid etməsi durumunda Türkiyə İdlibdəki hərbi əməliyyatlarda onlarla birgə iştirak edə bilərmi?
 
- Mən buna ehtimal vermirəm. Çünki  İdlibdəki qüvvələrin arasında Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun qüvvələri də var, Türkiyənin “mülayim” dediyi başqa qüvvələr də orada mövcuddur. Onlara qarşı Türkiyənin əməliyyatlarda iştirak edəcəyinə ehtimal vermirəm. İdlibə hərbi əməliyyat təşkil edilməsi ehtimalına qarşı Türkiyə öz sərhədlərini  gücləndirməli və ölkədəki radikal qrupları sıx nəzarət altına almalıdır.

Xəbər 128 dəfə oxundu.