“Kiprdə “Kərkükdən Qarabağa” adlı seminar keçirmək istəyirik”
Murad Rüstəmov: “Keçirdiyimiz hər bir tədbirdə əcnəbi tələbələri də dəvət edirik”

Müsahibimiz Murad Rüstəmov 6 ildir ki Şimali Kipr Türk Cümhuriyyətində yaşayır və Doğu Akdeniz Universitetinin 4-cü kurs tələbəsidir. 2017-ci ilin sentyabr ayında burdakı azərbaycanlı tələbələrin rəhbəri seçilib. Daha sonra tələbə yoldaşları ilə bərabər Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyətini (ATC) yaradıb.
- Azərbaycanla bağlı hansı tədbirlər keçirirsiniz?
- 2017-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Rauf Raif Denktaş Kültür və Kongre sarayında tədbir təşkil etdik. Tədbirimizdə Kiprin millət vəkilləri, eləcə də Azərbaycandan qonaqlar iştirak etdilər. Bundan əlavə, 2018-ci ilin 26 fevralında ATC olaraq hazırladığımız plakat və bayraqlarla Xocalı faciəsi ilə bağlı universitetin ərazisində 100 nəfərlik sloqanlı yürüş etdik. Bu yürüşə universitetimizin rektoru Necet Osam da qatıldı. Və son olaraq bu il 28 may Respublika Günü ilə əlaqədar olaraq yenə tədbir etdik.
- Kiprdəki Azərbaycan təşkilatları arasında əməkdaşlıq hansı səviyyədədir?
- Bildiyimiz kimi, Şimali Kiprdə çox sayda universitet var və bunlarda da azərbaycanlı tələbələrimiz təhsil almaqdadırlar. Demək olar ki, hər bir universitetdə azərbaycanlı tələbələrin təşkilatı vardır. Keçirdiyimiz layihə və tədbirlərdə hər zaman bir yerdə olmuşuq.
ATC təşkilatı olaraq, sadəcə, bayram günlərimizi deyil, hətta 20 Yanvar və Xocalı faciəsində yürüşlə, sloqanla buradakı xarici tələbələrə və yerli xalqa bildiririk, bu kimi günlərdə də tələbələrimiz həmişə aktiv fəaliyyət göstərir.
- Əcnəbi tələblər sizin tədbirlərə qatılırmı?
- Keçirdiyimiz hər bir tədbirdə əcnəbi tələbələri də dəvət edirik. Onlar da hər zaman bizim tədbirlərdə iştirak edirlər. Amma 20 Yanvar və Xocalı faciələri ilə bağlı tədbirlərimizdə yanımızda, əsasən, türkiyəli tələbələr olublar.
- Perspektivdə hansı layihələriniz var?
- Noyabr ayının ilk günlərində Rauf Raif Denktaş Kültür və Kongre sarayında 1000 nəfərlik salonda Azərbaycandan və Türkiyədən millət vəkillərini dəvət edib ATC adından “Kərkükdən Qarabağa” adlı bir seminar keçirmək istəyirik.

Fuad Hüseynzadə




Xəbər 796 dəfə oxundu.