Dollardan imtina mümkündürmü?
Bu gün dünyada valyuta ehtiyatlarının 70 faizə yaxını məhz ABŞ dolları ilə saxlanılır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, ümumiyyətlə hazırda dünya dövlətlərinin dollardan imtina etməsi strateji olaraq mümkün deyil:
“Baxmayaraq ki, bir sıra ölkələr yalnız ticarətdə deyil, eyni zamanda, fiziki olaraq dollardan imtina etmək barədə qərarlar qəbul edirlər. Ancaq bu addımlar qısamüddətli dövr üçün effektlidir, strateji və uzunmüddətli dövr üçün dollardan imtina mümkün deyil. Hətta Rusiya və Türkiyə öz aralarında milli valyutalardan istifadə edərək ticarət aparmaq istəsələr belə, onların dollara ehtiyacı olacaq. Çünki rus rublu və türk lirəsinin birbaşa məzənnəsi yoxdur və çarpaz məzənnəsi var. Rusiyada olan sahibkar öz rublunu lirəyə konvertasiya etmək üçün yenə dollara malik olmalıdır. Bu baxımdan dollara tələb hətta xarici ticarətdə milli valyutalardan istifadə ediləcəyi halda belə qalacaq. Nəzər alsaq ki, bu gün dünyada valyuta ehtiyatlarının artıq 70 faizə yaxını məhz ABŞ dolları ilə saxlanılır. Əslində, yumşaq desək, dolların müdafiəçisi yalnız ABŞ deyil, həm də valyuta ehtiyatlarının 70 faizi dollarda olan dünyadır. Bu baxımdan da hesab edirəm ki, dollardan imtina çağırışı daha çox psixoloji təsir məqsədi daşıyır”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda da dollardan imtina indiki məqamda real deyil:
“Çünki ölkədə dollara ehtiyac var və Azərbaycan ixrac hesabına dollara olan tələbin bir hissəsini ödəyir. Azərbaycanın ümumi ixracatının 90 faizi neft və neft məhsullarıdır. Strateji məhsullar isə dünya bazarında yalnız dollarla satılır. Ona görə də Azərbaycanda dollardan imtinaya deyil, bu valyutaya olan tələbin optimallaşdırılmasının həyata keçirilməsinə ehtiyac var. Yerli istehsalı artırmaq yolu ilə ölkəyə daxil olan dolların ölkədə qalmasına nail ola bilərik”.
Qeyd edək ki, ABŞ-ın sanksiyaları ilə üz-üzə qalan Türkiyə, Rusiya, Çin və İran kimi ölkələr qarşılıqlı ticarətdə dollardan imtina edərək, milli valyutalarla hesablaşmaq yönündə çağırış ediblər.

Xəbər 125 dəfə oxundu.