Xəzərin hüquqi statusu haqqında Konvensiya regionun bütün ölkələrinin maraqlarına uyğundur

Xəzərin hüquqi statusu haqqında Konvensiya tarixi sənəddir. Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri bu Konvensiyada əksini tapıb. Xəzəryanı ölkələr bundan sonra Xəzər dənizində Konvensiyanın tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən Konvensiyanın imzalanması ərəfəsində erməni lobbisinə yaxın dairələrin anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərdiklərini xatırladan deputat qeyd edib ki, yalnız “Xəzər beşliyi” ölkələrin, xüsusən Azərbaycanın güclü siyasi iradəsi və birgə əməkdaşlıq fəaliyyəti bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılamasına imkan verdi. A.Badamov əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün region ölkələrinin maraqlarına uyğundur.
Deputat bildirib ki, bundan sonra Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları Konvensiya ilə qorunacaq. Konvensiyada Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.
Azərbaycanın Konvensiyanın imzalanmasında çox fəal rol oynadığını söyləyən Azər Badamov bildirib ki, bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. “Xəzəryanı dövlətlər arasında hüquqi əhəmiyyəti olan Konvensiyanın imzalanması özünün ciddi geosiyasi, mədəni, ekoloji, iqtisadi və kommunikativ nəticələrini verəcək”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbər 73 dəfə oxundu.