Koçaryan Paşinyanı təhdid edir: “Nəticəsi çox ağır ola bilər”
Ermənistanın “Erkir Media” telekanalına müsahibə verən sabiq prezident Robert Koçaryan baş nazir Paşinyanın “dünya Ermənistandakı vəziyyətə uyğunlaşmalıdır” fikrinə irad bildirib. Koçaryana görə, Rusiya belə dillə danışılası ölkə deyil: “Rusiya bizim strateji tərəfdaşımızdır və onsuz bizim müdafiəmiz ciddi şəkildə təhdid edilə bilər”. Sabiq ikinci prezidentin sözlərinə görə, yeni erməni hökuməti real təhlükələri təqdim etmir, bəyanatlar verir, amma biz artıq başqa bir planın addımlarını görürük. Koçaryana görə belə suallarla zarafat etmək olmaz və belə zarafatların nəticəsi çox ağır ola bilər. Ermənilərin “1in.am” saytının Koçaryanın dedikləri ilə bağlı müraciət etdiyi Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin prezidenti, politoloq Stepan Qriqoryanın sözlərinə görə, indi iki konsepsiya arasında gerçək bir mübarizə gedir: “Bu mübarizə, köhnə hakimiyyət vasitəsilə Rusiyanın vassallığını qəbul edənlərlə, yeni, Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyənlər arasında gedir. Bu gün Paşinyan Rusiya ilə işləmək niyyətini istisna etmir. Lakin o, qazın qiyməti, KTMT ilə bağlı problemlərin həllini istəyir”. Erməni politoloqa görə, yeni hökumət Rusiya ilə münasibətlərin bərabərlik prinsipləri üzərində qurulmasını istəyir. Onlardan fərqli olaraq sabiqlər yenə də “Rusiya bizim böyük qardaşımızdır və biz ona itaət etməliyik” kimi fikirlərində israrlıdırlar. Qriqoryan nümunə kimi, Koçaryanın bu yaxınlarda verdiyi açıqlamalarından birində istifadə etdiyi “Onların nə etməsindən asılı olmayaraq, biz hər şeyi müzakirəsiz Rusiyaya verməliyik” fikrini əsas göstərib. Stepan Qriqoryana görə, bütün bunlar, Koçaryan hakimiyyətə gələrsə, Moskvanın qərarlarını yerinə yetircəyindən xəbər verir. Qeyd edək ki, Koçaryanın telekanala verdiyi müsahibədə İranla bağlı dediklərinə münasibət bildirən ekspert Armen Vardanyan İranın Ermənistandakı siyasi hadisələrə maraq göstərməyəcəyini söyləyib: “Təbii ki, Koçaryan həmişə rusmeyilliliyi ilə tanınıb. Təsadüfi deyil ki, erməni-rus münasibətləri onun hakimiyyəti dövründə fantastik həddə çatmışdı. Əlbəttə ki, Rusiya Ermənistanda daxili siyasi proseslərə açıq şəkildə müdaxilə etməyəcək, lakin növbəti parlament seçkiləri ərəfəsində seçkilərə qatılacaq bir neçə partiya, əsasən, Kremlin layihələri olacaq. Bu gün Koçaryanın siyasətə daxil olması üçün ona siyasi bir partiya yaratmaq lazımdır. Hazırda Ermənistan prezidentlik respublikası deyil. Ona görə də Koçaryanın siyasi arenada çıxış etməsi üçün siyasi qüvvəyə ehtiyacı var”. Vardanyanın sözlərinə görə, bu gün sabiq baş nazir Karen Karapetyan, «Taşir» şirkətinin sahibi Samvel Karapetyan da Ermənistanda Rusiyameyilli partiyalar yaradırlar . İrandakı son yaşantıları önə çəkən erməni ekspert Tehranın Ermənistanın daxili siyasi həyatı ilə maraqlanmayacağını bildirir. Vardanyana görə, “Koçaryana bütün mesajlar Kremldən göndəriləcək”.
Ağasəf Babayev

Xəbər 352 dəfə oxundu.