“Ermənistandakı işsizlik və az əməkhaqqı miqrasiyanın əsas səbəbidir”

“Ermənistandan olan köçün əsas səbəbi işsizlik, eləcə də aşağı əməkhaqqıdır”. “News. am” saytının yazdığına görə, bunu jurnalistlərlə görüşdə erməni sosioloq Aqaron Adibekyan bəyan edib. Onun sözlərinə görə, əgər yeni hakimiyyət ölkədəki miqrasiyanın qabağını almaq istəyirsə, bu halda iş yerlərinin sayını artırmalıdır.

“Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyanın sözlərinə görə, gələcəkdə 1600-ə qədər iş yerlərinin açılması planlaşdırılır. Təbii ki, yarım milyondan artıq işsizi olan bir ölkə üçün bu çox azdır”-deyən Adibekyan bu qədər iş yerlərinin açilmasının belə, ölkədəki ümumi vəziyyətə heç bir təsir göstərməyəcəyini istisna etməyib.
Ermənistandakı köçkünlərin əsas hissəsinin gənclər oldugunu bildirən erməni sosioloq, bunu ölkədə yüksək keyfiyyətli peşə təhsilinin olmaması ilə əlaqələndirir. Bundan əlavə, Adibekyan bu gün Ermənistanda hər hansı bir peşəyə tələbatın olmamasını, erməni gənclərin ölkədən qaçmalarınınn səbəblərindən biri kimi görür. Ermənistandan köçənlərin çox hissəsinin Rusiyaya üz tutduğunu deyən sosioloq bu gün ölkədə hər dörd erməni ailəsindən birinin vətəndən kənarda yaşayıb işlədiyini bildirir: “Mən hələ ölkənin əyalətlərini demirəm. Amma, təkcə İrəvanda dolaşmaqla son illər neçə dükan və obyektin bağlanıldığını görmək kifayətdir”.
Miqrasiya problemi həllinin çətin olduğuna inandığını etiraf edən Adibekan Ermənistanın belə bir resurs və imkanlarla xaricdən erməni miqrantları qəbul edə biləcəyinə heç bir ümid bəsləmir. Əksinə, o, Ermənistan Xarici İşlər Nazirliyinə üçüncü ölkələrə köçmüş ermənilərin həyatı üçün əlverişli şərait yaratmaq, orada onların özlərini rahat hiss etmələri üçün hərəkətə keçmələrini tövsiyə edir.
Ağasəf Babayev

Xəbər 84 dəfə oxundu.