“Paşinyan Ermənistanı fəlakətə doğru aparır”
Paşinyan hakimiyyəti fəaliyyətinin 100 günü ərzində ölkədə ”böyük uğurun” əsasını qoyduğunu iddia etsə də, artıq onun və komandasının opponentləri tərəfindən tənqidlər səngimək bilmir. Məsələn, bu günlərdə “Aravot” qəzetində genişhəcmlı müştərək məqalə ilə çıxış edən respublikaçı deputatlar Karen Bekaryan, Miqran Akobyan, Arman Saqatelyan və Samvel Farmanyan Paşinyanın 100 günlük fəaliyyətıni kəskin tənqid ediblər.
Hökumətin 100 günlük fəaliyyətinin demək olar ki, bütün aspektlərini analiz edən məqalə müəllifləri 100 gün ərzində Paşinyanın artıq ölkəni uçurumun kənarına sürüklədiyini bildiriblər: “Belə təəssürat yaranır ki, sanki öz sələflərindən Nikol Paşinyana miras qalmış Eden bağını məqsədli şəkildə fəlakətə aparır. Məgər Paşinyan ölkəni ibtidai fəlakətə dogru apardığını anlamırmı?”
Qeyd edilməlidir ki, erməni deputatların bu fikirləri “1in.am” saytında yer alıb. Maraqlıdır ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Rusiya, Aİ və ABŞ-la münasibətlərinin pisləşdirdiyini, Qarabağ məsələsində risklərin artdığını bildirən deputatların fikirərini sayt heç bir fakta əsaslanmayan fikirlər kimi dəyərləndirir. Ermənistanın xarici siyasətindəki uğursuzluğu Paşinyanın yeni komandasının təcrübəsinin az olması ilə əlaqələndirən sayt , “əgər sabiq hakimiyyət ötən illər ərzində Ermənistan siyasətində möhkəm bir təməl qurubsa, bunu yüz gün ərzində sarsıtmaq mümkündürmü? Əlbəttə ki yox!”-deyə bildirir.
Sayt, son 20 il ərzində erməni-rus münasibətlərində heç bir tərəfdaşlığın olmadığını, sadəcə, Moskvanın vassal rejimin korrupsiyalaşmış üzvləri ilə işlədiyini bildirir: “İndi Nikol Paşinyan hökuməti Moskvanın müqavimətini qıraraq köhnə, pis əlaqələr sistemini sökməyə çalışır, buna görə Respublikaçılar tərəfindən himayə olunan cinayətkarlar ortaya çıxır”.
Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin imitativ xarakter daşıdığını, yəni sabiq hakimiyyətin Brüsseldən yalnız pul umduğunu yazan sayt, nədənsə pul üçün Avropaya gedən Paşinyanın Brüsseldən əli ətəyindən uzun qayıtdığını yada salmır: “Nikol Paşinyanın belə bir məqsədi yoxdur. O, Ermənistan- Avropa İttifaqı əlaqələrində tərəflərin uyğunlaşması üçün yeni bir səviyyə yaratmağa çalışır”.
Sizi bilmirəm, nədənsə, mənim buna inanmağım gəlmir. Axı, vaxtilə, elə “1in.am” saytı “məxməri inqilabçı”nın Avropadan umacağının yetərincə həyata keçiriməməsi barədə ekspert rəyləri vermişdi. Lakin sayt, nədənsə, bunları unudur.
Qeyd edək ki, erməni-amerikan münasibətlərinin formalaşması istiqamətində sabiq hakimiyyətin heç bir təsirli addımlar atmadığını xatırladan sayt, Paşinyanın Moskvadan qorxmadan, ən azından Trampla görüş keçirilməsinə səy göstərdiyini bildirir.
Ağasəf Babayev

Xəbər 362 dəfə oxundu.