Ermənistanın siyasi səhnəsində ziddiyyətlər güclənir

Ermənistanın Şirak vilayətində günlərdi davam edən aksiyalar səngimir. Vilayət sakinləri Ani şəhərinin meri Akat Gevorkyanın istefası tələbi ilə beş günə yaxındır ki, mitinq keçirirlər.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, A.Gevorkyan 14 ilə yaxın Maralikin meri olub. 16 icma birləşdiriləndən sonra da o, insanların narazılığına rəğmən vəzifəsində qalıb. Kütlə Gevirokyanı talançılıqda günahlandırır. Mer 10 ildən artıqdır ki, şəhər büdcəsini mənimsəyir. Əvəzində isə Anidə heç bir infrastruktur layihəsi həyata keçirilməyib. Narazı vətəndaşlar deyirlər ki, ölkədə bir neçə ay əvvəl “məxməri inqilab” oldu, yeni hökumət formalaşdırıldı. Amma heç nə dəyişmədi. Dəyişən sadəcə hakimiyyətdə olanlardır. Daha dəqiq iqtidar müxalifətə, müxalifət isə iqtidara çevrildi.
Narazı kütlə bəyan edib ki, köhnə klanın üzvlərindən hələ də hökumətdə qalanlar var. Onlar hələ də köhnə əməllərindən əl çəkməyiblər. Dövlətdən, xalqdan oğurluq davam edir. Etirazçıların sözlərinə görə, vaxtilə Maralik şəhərində 4 uşaq bağçası var idi. Mer onlardan birini sökdürərək yerində özünə ev tikib. Digər bağça isə indi pasport qeydiyyat şöbəsi kimi fəaliyyət göstərir. Qalan iki bina isə qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini dayandırıb. Bundan başqa Artak Gevorkyanın şəhərin infrastrukturunun yenilənməsi üçün ayrılan 10 milyon dollar vəsaiti mənimsədiyi iddia olunur. Etirazçılar, bu şəxsin əməllərindən cana yığıldıqlarını deyirlər. Meri istefaya getməyəcəyi təqdirdə ölümlə hədələyiblər.
Bu arada Ermənistanın siyasi səhnəsində də ziddiyyətlər güclənir. Belə ki, “Sasna srer” silahlı qruplaşmasının həbsdən azad olunan üzvləri partiya yaradırlar. İşğalçı ölkənin baş naziri də terror təşkilatına dəstək verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Erməni politoloq Aşot Sarkisyan bu dəstəyin təsadüfi olmadığını bildirir və iddia edir ki, Sasna Srer qruplaşması Paşinyanın təkidi ilə siyasi partiya elan edilib. Baş nazir bu addımı Robert Köçəryan və Serj Sarkisyana qarşı öz mövqeyini gücləndirmək üçün atıb. Elə silahlı qruplaşmanın rəhbərlərindən Varujan Avetisyanın sözlərinə görə, onlar Serj Sarkisyanı və onun quldur dəstəsini tamamilə məhv etməyi qarşılarına məqsəd qoyublar. Çünki məhz Sarkisyanın siyasətinin əleyhinə çıxdıqları üçün iki ilə yaxın müddətdə həbs olunaraq mənəvi və psixoloji işgəncələrə məruz qalıblar. Politoloqlar isə hesab edirlər ki, “Sasna Srer” kimi radikal qruplaşmanın siyasi meydana çıxarılması Ermənistana təhlükə vəd edir.

Xəbər 79 dəfə oxundu.