Angela Merkelin bu səfəri Almaniyanın regionda əsas tərəfdaş kimi Azərbaycanı seçdiyini göstərdi
Almaniya Kansleri Angela Merkelin Bakıya gəlişi olduqca vacib səfər idi. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, A.Merkelin regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları mühüm əhəmiyyətə malikdir:
"A.Merkel Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində həll olunmalı olduğunu bəyan etdi. Bu, Azərbaycanın xeyrinə olan bir müddəadır. Eyni zamanda Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Almaniyanın Dağlıq Qarabağla bağlı mövqeyinin fəallaşması da Azərbaycanın xeyrinədir".
T.Kərimli qeyd edib ki, Kansler səfəri zamanı verdiyi bəyanatlarda birmənalı şəkildə "Cənub Qaz Dəhlizi"nə dəstək ifadə etdi və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu qeyd etdi:
"Hesab edirəm ki, 150-dən artıq alman şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının mövcudluğu iqtisadi imkanların daha da genişlənməsi üçün ciddi əsasdır. Prezident İlham Əliyev də Almaniya şirkətlərini Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bağlı böyük işlər görməyə çağırdı. Hər halda Cənubi Qafqaz ölkələri arasında Almaniyanın ticarət payında Azərbaycanın çəkisi 70 faizdən artıqdır. Bu rəqəm arta bilər. Çünki bunun üçün Azərbaycanın iqtisadi imkanları da var".
Deputatın sözlərinə görə, A.Merkelin bu səfəri və bəyanatları Almaniyanın Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaş kimi Azərbaycanı seçdiyini göstərdi.

Xəbər 141 dəfə oxundu.