“ArmenianReport”: “Ermənistan NATO-ya üzv olmaq istəyir”
“Biz artıq çoxdan nə Rusiyanın, nə də ki, KTMT-nin təhlükəsizliyimizin təminatçısı olmadığını anlamışıq”

«Ermənistanın NATO-ya doğru irəliləməyə başlaması lazımdır, çünki nə Rusiya, nə də KTMT bizim təhlükəsizliyimizin təminatçısı deyil. Kreml Cənubi Qafqazda yeganə müttəfiqi olan Ermənistanla münasibətdə ikitərəfli imperial siyasət aparmada davam edir. Biz bunu Moskvanın son vaxtlar İrəvana qarşı göstərdiyi münasibətdə də müşahidə etməkdəyik».
Bu fikirlər «ArmenianReport» saytından götürülüb.
Maraqlıdır, görəsən məsələnin məğzində duran nədir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu gün Ermənistanda Rusiyanın yaratdığı siyasi və iqtisadi təşkilatlara o qədər də etimad göstərilmir. Bunu ölkədə keçirilən rəy sorğuları da təsdiq edir. Lakin maraqlı nüanslardan biri də Paşinyanın hakimiyyətə gəlməsindən sonra bunun kütləvi hal alması ilə bağlıdır. Bunu əksər erməni saytları da etiraf edirlər. Son günlər «Moskvanın KTMT-ni yeni üzvlər, ilk növbədə Azərbaycan hesabına genişləndirməyə ümid etməsi» ilə bağlı erməni mediasında yer alan xəbərlər Paşiynan hökumətini qorxuya salıb. Hazırda «həm qorxan, həm də qorxutmağa çalışan» erməni rəhbərliyinin təlaşları da başadüşüləndir: «Moskva bir güllə ilə iki dovşan ovlamağa çalışır: bir tərəfdən « itaətsiz İrəvan»a təsir göstərməyə çalışır, digər tərəfdən Azərbaycanı KTMT-yə üzv qəbul etdirmək istəyir».
Erməni saytının yazdığına görə, «hazırkı vəziyyətində belə (təbii ki, ermənilər Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları nəzərdə tuturlar-A.B.) Moskva dünya super gücü rolunu davam etdirməyə çalışır».
Sayt daha sonra yazır: «Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyi heç vaxt nəzərə alınmayıb. Moskva, Minsk, Astana və Bişkek üçün uzun müddətdir ki, İrəvanın mövqeyi heç bir önəm kəsb etmir. Əlbəttə, bu təşkilatın baş katibinin Ermənistan nümayəndəsi Yuri Xaçaturovun olması ilə bağlı sual da doğa bilər. Lakin belə görünür ki, Xaçaturov da təşkilatda baş katib olmasına baxmayaraq, elə də böyük səlahiyyətə malik deyil”. Bunu «Qraparak» nəşri da etiraf etmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, saytın yazdığına görə, ermənilər KTMT-nin baş katibi Yuri Xaçaturovun burada roluna qədər ümid etmirlər. Çünki onlar Ermənistanda Xaçaturova qarşı tətbiq olunan cinayət işinin onun təşkilatdakı mövqeyini zəiflətdiyini etiraf edirlər. “Belə bir situasiyada Ermənistana nə etmək qalır” sualına sayt belə cavab cerir:” Yalnız bir şey – Ermənistan ölkə ictimayətinin də tələbini əsas götürərək KTMT-dəki fəaliyyətinə xitam verməli və NATO-ya doğru hərəkətə başlamalıdır.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyi heç vaxt nəzərə alınmayıb. Moskva, Minsk, Astana və Bişkek üçün uzun müddətdir ki, İrəvanın mövqeyi heç bir önəm kəsb etmir”

Biz artıq çoxdan nə Rusiyanın, nə də ki, KTMT-nin bizim təhlükəsizliyimizin təminatçısı olmadığını anlamışıq. Bundan əlavə, Rusiya bizdən xəbərsiz, bizim arxamızdan Qarabağ məsələsini həll etməkdədir. Bütün bunlara görə, Ermənistan eyni vaxtda ikili kürsüdə oturmağa çalışmaqdan vaz keçməli və Rusiyanın hər hansı bir qəzəbindən qorxmadan Qərb tərəfindən bizə verilən yardım əlini qəbul etməliyik. Biz bunu nə qədər tez etsək, bizim NATO-ya üzv olmaq şansımız bir o qədər tezləşər».

“Rusiya bizdən xəbərsiz, bizim arxamızdan Qarabağ məsələsini həll etməkdədir”

Qeyd edilməlidir ki, bütün bunlar bəlkə də Ermənistan hakimiyyəti tərəfindən şüurlu surətdə həyata keçirilməyə cəhd edilən bir oyundur. Təbii ki, ermənilərin Moskvanı qəzəbləndirməmək şərti ilə ABŞ, Qərb və NATO ilə münasibətlər qurmaq, Qərb investisiyasını ölkəyə cəlb etmək istəyirlər. Lakin Paşinyan hökumətinin bu ikili siyasəti, təbii ki, Kremin diqqət mərkəzindədir. Ermənistandkı siyasətçilərin əksəriyyəti Rusiya ilə razılaşdırmadan atdığı bu kimi addımların Paşinyan hökuməti üçün hansı fəsadlar törədə biləcəyini yaxşı anlayırlar.
Ağasəf Babayev



Xəbər 188 dəfə oxundu.