“İstərəm bir övladım ABŞ-ın prezidenti, biri diplomat, biri də vəkil olsun”
Ülkər Qidner: “Biz qəriblikdə yaşayırıq və hər zaman bir-birimizə yardım etməliyik”

Xaricdəki vətənsevər və istedadlı soydaşlarımızı tanımaq, eləcə də tanıtmaq hər zaman bizim üçün prioritet olub. Onların qürbət həyatı, qarşılaşdıqları çətinliklərə necə sinə gərmələri, əldə etdikləri uğurlar, diaspor sahəsində gördükləri işlər digərləri üçün örnəkdir. Ayrıca diaspor üzvlərinin də bir-birlərini tanıması və həmrəylik nümayiş etdirmələri vacib amildir. Bütün bunları nəzərə alaraq “Uzaqdakı yaxınlar” adlı yeni rubrikaya başlayırıq. Məqsədimiz uzun illər Vətəndən kənarda yaşayan, ürəyi hər zaman Vətən eşqi ilə döyünən, qəlbində bir Azərbaycan yaşadan və heç kimin tanımadığı həmvətənlərimizi sizə tanıtmaqdır. Bu rubrika Azərbaycan diasporunun sıralarını daha da genişləndirəcək, haqqında yazılar gedən insanlar daha fəal olmağa çalışacaqlar. Rubrikanın özəlliyi budur ki, xaricdəki soydaşlarımızı sizə elə diaspor üzvlərinin dili ilə tanıdacağıq. İlk olaraq Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ABŞ-da yaşayan soydaşımız Ülkər Qidnerlə müsahibəsini təqdim edirik:
Mən belə qərara gəldim ki, Azərbaycandan uzaqda yaşayan, vətəni canından artıq sevən və çoxlarının tanımadığı həmvətənlərimizi vaxtaşırı sizə təqdim edim. İlk müsahibim ABŞ-ın Ohayo ştatının Sinsinati şəhərinin Vest Çester bölgəsində yaşayan Ülkər Qidnerdir. Mən Ülkər xanımı üç ilə yaxındır tanıyıram. O, Nyu-Yorka gələndə və mən Ohayoya gedəndə görüşürük. Bu dəfə mən Ülkər xanımın qonağı oldum. Bu xanım elə bir insandır ki, söhbət etdikcə maraqları, gözəl xüsusiyyətləri, insani keyfiyyətləri kəşf olunur. O qədər fəlsəfi fikirlər söyləyir ki, söhbətdən doya bilmirsən. Əvvəlcə ondan başlayım ki, yaşadığı evdə iki otağı məxsusi olaraq elə dizayn olunub ki, Azərbaycan eksponatları ilə zəngin bir muzeyi xatırladır. Üç övlad anası olan Ülkər xanım deyir ki, ailəsi beynəlmiləl ailədir. Özü azərbaycanlı, həyat yoldaşı İsveçrə əsilli amerikalı, övladları isə amerikalıdırlar. Bir qızı, iki oğlu olan Ülkər xanım uşaqlarına iki ad verib Frenk-Fəxri, Bianka-Banu və Albert-Şahlar. Ülkər xanım gözəl şeirlər yazır, artıq 3 şeir kitabının müəllifidir (“Anama 101 şeirim”, “Qərib xatirələr sorağında”, “Həyatımın solmaz hekayələri”). Şeirlərinin sözlərinə musiqi qoşulur və çoxunu da özü ifa edir. Rəssamlıq və dizayner kimi də bacarığı var. Ülkər xanım həm də idmanın karate növü ilə məşğul olub. Qara kəmərə qədər yüksəlib. Amerikada yaşadığı müddətdə də müxtəlif yarışlarda iştirak edib. İndiki Şabran rayonunda anadan olan Ülkər xanım Vətənini çox sevir. Artıq 15 ildən artıqdır ki, Amerikada yaşasa da, nəinki özü azərbaycanca təmiz danışır, hətta uşaqlarına belə, Azərbaycan dilini unutmağa imkan vermir. Hər zaman övladları ilə azərbaycanca danışır. “Övladlarınıza nə arzu edirsiniz?” sualıma Ülkər xanımın cavabı: “İstərəm bir övladım ABŞ-ın prezidenti, biri diplomat, biri də vəkil olsun” oldu. Buyurun, müsahibəni sizə təqdim edirəm.
-Poeziyaya marağınız nə vaxtdan yarandı?
-Mən məktəbə çox erkən yaşımda getmişəm və özümdən böyük uşaqlarla oxumuşam. Rəhmətlik anam təhsilə qarşı çox tələbkar idi. Ev tapşırıqlarımıza şəxsən nəzarət edərdi. Mən də dərslərimi yaxşı oxumaqla yanaşı, “ümumi” dəftərlərə şeirlər yazardım. Heç bir məqsədim yox idi, əslində, sadəcə, ağlıma gələn qafiyələri həmin dəftərlərə köçürərdim. Oxuduğum şeirlərin mövzusu məni çox düşündürərdi. Hər bir şeirdə bir mövzu, fəlsəfi düşüncə axtarardım.
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Baxın, Abbas Səhhətin “Yay səhəri” adlı bu şeirini 6-7-ci siniflərdə öyrənmişdik, ancaq hələ də yadımda qalıb. Nə qədər gözəl məna var hər bəndində. Öyrəndiyimiz bu şeirlərdən ilham alaraq mən də yeni-yeni “əsərlər” yaradırdım. Anam deyərdi ki, qızım bu şeirləri bir kitab şəklində çap elə. Mən də anamın arzusunu həyata keçirdim. Təəssüf ki, anam bunu görmədi. Çox istərdim ki, mənim şeir kitablarımı azərbaycanlı gənclər oxusunlar.
-Uşaqlarınız özlərini hansı dinə aid hesab edirlər?
-Mən əsl müsəlmanam, yoldaşım xristian olsa da, dinə o qədər də meyil etmir. Uşaqlarıma isə başa salıram ki, ananız müsəlman, atanız xristiandır. Siz də din seçimində azadsınız. Onları həm məscidə, həm də kilsəyə aparmışam. Böyük oğlumun 13 yaşı var və bu il ilk dəfə Ramazan ayında oruc tutdu.
-Bir ana olaraq Amerikada uşaq böyütmək çətindirmi?
-Məncə, çətin deyil. Allahıma çox şükür edirəm ki, mənə üç mələk verib. Çalışıram ki, onları layiqli övlad kimi böyüdüm. Dərslərinə daim nəzarət edirəm, onlar çox yaxşı oxuyurlar, idmanla məşğuldurlar. İstəyirəm övladlarım Allahı sevsinlər, ətraflarındakı insanlara hörmət etsinlər. Ana, ilk növbədə səbirli olmalıdır. Övladımızı həmişə dinləməliyik, onlarla gülməli, ağlamalı və lazım gəldikdə oynamalıdır. Ev işlərini də, yemək bişirməyi də öyrətmişəm uşaqlarıma.
-Bildiyimizə görə yaşadığınız şəhərdə azərbaycanlı, türk və digər millətlərin nümayəndələrinə hər zaman yardım edirsiniz. ABŞ-da yaşayan həmvətənlərimiz haqda nə düşünürsünüz?
-Mən Vətəndən kənarda yaşayan həmvətənlərimə birlik arzu edirəm. Biz gözəl, yardımsevər, mərhəmətli xalqıq. Biz qəriblikdə yaşayırıq və hər zaman bir-birimizə yardım etməliyik.
-Sizcə, Azərbaycanı tanıtmaq üçün nə etmək lazımdır?
-Şəxsən mən Azərbaycanı tanıtmaq üçün hər zaman əlimdən gələni edirəm. Burada azərbaycanlılar az olduğundan mənim dostlarımın əksəriyyəti digər xalqların nümayəndələridir. Mən çalışıram ki, bu insanlar Azərbaycanın bayramları, tarixi, adət-ənənələri və musiqisi ilə tanış olsunlar. Məsələn, Novruz süfrəmiz çoxlarının marağına səbəb olur. Mən çox istərdim ki, bizim-azərbaycanlı ailələrin övladları oxuduqları məktəblərdə Azərbaycanı tanıtmağa çalışsınlar. Müxtəlif tematik təqdimatlarda Azərbaycan haqqında məlumat versinlər. Bir də çox istərdim ki, Azərbaycanımızın tarixinə aid olan kitablar ingilis dilinə tərcümə olunaraq Amerikada kitabxanalara, məktəb kitabxanalarına, tələbələrə çatdırılsın. Mən “Qurani-Kərim”i ingilis dilində almışam ki, övladlarım onu oxusunlar. Sonda balalarımıza tövsiyə edirəm ki, hər verilən ruziyə şükür etsinlər, hər zaman valideynlərindən də irəli getməyə çalışsınlar, daima inkişaf etsinlər. Valideynlərinə hörmət etsinlər. Heç zaman ruhdan düşməsinlər. Hazırda elm və texnologiya dövründə yaşayırıq və yeni biliklər toplamaq daha asandır, ancaq bu texnologiyadan da ağılla istifadə etsinlər.
Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Sonda sizin yazdığınız “Azərbaycan” şeirindən bir bənd söyləməyinizi xahiş edirəm.
Ey Vətənim, nə gözəlsən,
İgid oğlun, qızın sənin.
Damarımda axan qanım
Torpağına qurban sənin.
Unudulmaz keçmişimiz,
Nizamimiz, Füzulimiz
Unudulmaz bir nəslimiz,
Salatınım, Çingizimiz.

Minəvvər Vahabova
Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri

Xəbər 603 dəfə oxundu.