“TurkStream”in dəniz hissəsini inşa edən gəmi rekorda imza atıb
“Türk axını” qaz boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin inşasını həyata keçirən “Pioneering Spirit” gəmisi rekorda imza atıb. Bu barədə “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, “TurkStream”in dəniz borularını düzən “Pioneering Spirit” gəmisi bir gündə 6,27 kilometr boru inşa edərək rekorda imza atıb. Qeyd edək ki, Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “TurkStream”in ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq. Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək. “TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut, hələ ki, müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır. Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 930 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.

Xəbər 82 dəfə oxundu.